"Bu, Türkiyənin təkbaşına görəcəyi iş deyil, çünki..." - SƏBƏBLƏR AÇIQLANDI

Ötən gün Ankaradakı diplomatik mənbə “RİA Novosti”yə açıqlamasında deyib ki, Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səyləri Türkiyənin 2024-cü ildəki xarici siyasət hədəflərinə daxildir. Məlumata görə, ilin əvvəlində Türkiyə Ukrayna ilə bağlı İstanbul danışıqlarının bərpasını təklif edəcək. Amma digər tərəfdən, Kreml hazırda danışıqlar üçün heç bir ilkin şərt olmadığını vurğulayıb. 

 

Maraqlıdır, İstanbul danışıqları bərpa olunacaqmı? Bu, Rusiya, o cümlədən Ukraynaya nə qazandıra bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov xatırladıb ki, Ukrayna ilə Rusiya arasında ötən zamanlarda ilkin danışıqlar baş tutsa da, nəticə olmayıb:

 

“Düzdür, taxılın daşınması problemi müəyyən mənada öz həllini tapmış oldu. Amma Rusiya-Ukrayna arasında yekun nəticənin əldə edilməsi, ümumiyyətlə, real işlərin ortaya qoyulması Türkiyənin təkbaşına görəcəyi iş deyil. Yəni Ankara istəsə belə, Qərb ölkələri Kiyevi bir formada əllərində saxlayırlar. Ukraynanın müdafiə siyasəti daha çox Qərbdən asılıdır”.

 

Müsahibimiz bildirib ki, Ukrayna Rusiyanın şərtləri ilə də razılaşa bilməz:

 

“Moskva tutduğu ərazilərin özündə qalmasını tələb edir. Düşünmürəm ki, Kiyev bununla razılaşsın. Bu, təqribən 15-20 faiz Ukrayna ərazisi deməkdir və kifayət qədər böyük rəqəmdir. “Türkiyə iki ölkə arasında danışıqları necə apara bilər?” sualına gəldikdə isə, bu, yalnız Rusiya və Qərbin də maraqlı olacağı halda mümkündür. Yəni tərəflər kompromisə gələrsə, Türkiyə nəticə əldə edə biləcəyi danışıqları reallaşdıra bilər. Lakin indiki halda buna inanmıram. 

 

Hətta bir neçə ay öncə Türkiyə prezidentinin sözçülərindən biri Ankaranın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün aktiv şəkildə iştirak etmək istədiyini, amma ABŞ, Böyük Britaniya kimi ölkələrdən ciddi təzyiqlərin olduğunu demişdi. Təkcə Ukraynaya deyil, Türkiyəyə də Qərb ölkələrindən basqılar var. Ankara həlledici açar olmaq istəsə də, böyük güclər buna şərait yaradacaqmı? Fikrimcə, Türkiyə səyləri artırsa da, tərəflərin arxasında duran ölkələrin prosesə müdaxiləsindən çox şey asılıdır”.

 

Günay


 


OXŞAR XƏBƏRLƏR