İYİ Partiyası ilə CHP-nin ulduzu BARIŞMIR: Müxalifət böyük şəhərləri İTİRƏ BİLƏR - ŞƏRH

İYİ Partiyası ilə CHP-nin ulduzu BARIŞMIR: Müxalifət böyük şəhərləri İTİRƏ BİLƏR - ŞƏRH

Bu ilin martın 31-də Türkiyədə bələdiyyələrə keçiriləcək seçkilərdə əsas müxalifət partiyalarının yenidən ittifaq qurması ehtimalı getdikcə azalır. İttifaqın qurulmayacağı və ya bir-birinə siyasi dəstəyin olmayacağı ehtimalı iqtidarda təmsil olunan Cumhur İttifaqı namizədlərinin Türkiyənin böyük şəhərlərinin əksəriyyətində qələbə qazanmaq şansını artırır. 


Sfera.az xatırladır ki, əsas müxalifət partiyalarının 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində ittifaq şəklində iştirakı və ortaq namizədlər irəli sürməsi onların böyük şəhərlərin əksəriyyətində qələbə qazanmasına imkan yaratdı. 


Məlumat üçün bildirək ki, Türkiyədə hazırda 30 böyükşəhər bələdiyyəsi var. Qaydalara əsasən,  əhali sayı 750 mindən çox olan şəhərlərdə böyükşəhər bələdiyyələri təşkil olunur. 


Son statistik məlumatlara əsasən, ölkə əhalisinin 67 milyon nəfəri böyükşəhər bələdiyyələrinin ərazisində yaşayır ki, bu da Türkiyə əhalisinin 78 faizidir.  


2019-cu ildə keçirilən seçkilərdə müxalifəti təmsil edən Millət İttifaqı ən böyük 6 şəhərdən 5-də qələbə qazandı. Xüsusilə, İstanbul və Ankarada bələdiyyə sədrliyi uzun fasilədən sonra müxalifətin əlinə keçdi. Bundan başqa, Adana, Antalya və Mərsin kimi iri şəhərlədə də yerli hakimiyyətə müxalifət namizədi gəldi. 


Ümumilikdə, 30 böyükşəhər bələdiyyəsinin 14-də müxalifət qələbə qazandı. 


2014-cü ildə müxalifət 12 böyük şəhərdə uğur əldə etmişdi və İzmir istisna olmaqla İstanbul, Ankara, Antalya kimi iri şəhərlərdə yerli hakimiyyət iqtidarda qalmışdı. 


Göründüyü kimi, son bələdiyyə seçkilərində müxalifətin uğur əldə etməsinin əsas səbəbi məhz seçkiyə ittifaq şəklində girməsi olub. 


Partiyalardan verilən açıqlamalar göstərir ki, 2024-cü il seçkilərində yenidən ittifaqı təşkil etmək çətin olacaq. Əgər bu baş verərsə, müxalifət bunun ağır nəticələrini yaşaya bilər. 


Yeni ittifaq üçün iki partiyanın – Cumhuriyyət Xalq Partiyasının (CHP) və İYİ Partiyasının bir araya gəlib razılıq əldə etməsi lazımdır. CHP ittifaqda maraqlı görünsə də İYİ Partiyası öz namizədləri ilə seçkiyə getmək istəyir. 


Hələlik, İYİ Partiyası öz namizədlərini açıqlamayıb. Amma partiya rəsmilərinin açıqlamasından anlaşılır ki, İYİ Partiyası ya ittifaqa getməyəcək, ya da dəstək qarşılığında 2019-cu ildən fərqli olaraq bu dəfə öz namizədlərinin də böyükşəhər bələdiyyəsindən bir neçəsini qazanmasını istəyəcək. 


2019-cu il seçkilərində ittifaqdan yalnız CHP-nin namizədləri böyükşəhər bələdiyyələrinə sədr seçilmişdi. İYİ partiyasından isə heç kim böyükşəhər bələdiyyəsinə sədr seçilə bilmədi. Milliyyətçi mövqeyi ilə seçilən İYİ Partiyası artıq əvvəlki şərtlərləri qəbul etmir.  


Xatırladaq ki, Millət İttifaqı 2018-ci ilin may ayında qurulub və 2023-cü ilin may ayına qədər fəaliyyət göstərib. İttifaqda CHP və İYİ Partiyası ilə bərabər Səadət Partiyası, Demokrat Partiyası, Demokratiya və Tərəqqi Partiyası, Gələcək Partiyası təmsil olunurdular. Bu ittifaq hətta bir müddət "Altılı Masa" adını da aldı. Amma son prezident və parlament seçkilərində ittifaqın yaxşı nəticə əldə etməməsi onun dağılmasına səbəb oldu. Həmin ittifaqdan geriyə yalnız Səadət və Gələcək partiyalarının qurduğu ittifaq qaldı.   


Səksən iki gündən sonra baş tutacaq seçkilərdə müxalifətin mövqeyinin zəif olduğu görünür. Bir-birinə dəstəyin olmaması müxalifətin iki böyük şəhərdə - İstanbul və Ankarada sədrliyi itirməsi ehtimalını artırır. İndiki seçkilərdə müxalifət üçün şərtlərin daha ağır olduğunu İstanbulun bələdiyyə sədri, CHP-nin namizədi Əkrəm İmamoğlu da etiraf edib. O, “Reuters”ə müsahibəsində “indiki seçkilərdə mövcud olan şərtlərin əvvəlki seçkidən daha çətin olduğu dəqiqdir. O zaman ittifaqlar daha aydın mövqedə idi, indi siyasi partiyaların mövqeləri başqadır”  şəklində fikrini bölüşüb. 


Vasif 


OXŞAR XƏBƏRLƏR