"Bakının Baş Planının icrası üçün üçün ayrılan vəsait..." - Ekspert riskləri SADALADI

Dövlət başçısı, Prezident İlham Əliyevin göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb. Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində, yəni 2040-cı ilə qədər şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. 


Bəs Bakının Baş Planının icrasına dair hansı risk faktorları var?


Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, planın icrası üçün ciddi texniki və ekoloji qiymətləndirmələr aparmaq lazımdır.


Onun sözlərinə görə, planın icrası üçün ümumi 93 milyard 571 milyon manat vəsait ayrılıb:


“Bu hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir. İşğaldan azad edilmiş ərazilər (İAEƏ) üçün isə bu il dövlət büdcəsindən cəmi 3,9 milyard manat ayrılıb. Yəni bu plana görə təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün İAEƏ-də olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur. 


Amma ən pisi də odur ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq. Çünki, planın özündə belə cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir. 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl inflyasiyanın təsiri ilə daha da yüksələcək.Unutmaq olmaz ki, Respublika yalnız Bakıdan ibarət deyil”. 


Ekspert bildirib ki, digər bir məsələ özəl sektorla bağlıdır:


“Bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat və “Ərazi inkişafı” üçün isə xərcin 65%-i olmaqla 31 milyard manat özəl sektorun öhdəsinə düşəcək. Bu isə o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür. 


Təbii ki, bu zaman özəl sektor bu vəsaiti cibindən çıxarıb, dövlətə verməyəcək. Bu sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması zamanı xərclənəcək vəsaitdir. Buna görə “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfindən dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir. Bu özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır”. 


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR