Rüsum ilə bərabər utilizasiya haqqının da ödənilməsi nəyi dəyişəcək? -  AÇIQLAMA

Rüsum ilə bərabər utilizasiya haqqının da ödənilməsi nəyi dəyişəcək? -  AÇIQLAMA

Hazırda ölkəmizdə nəqliyyat sektoru havanın çirklənməsinə səbəb olan əsas amillərdən biridir. Nəqliyyat vasitələrinin istehsal tarixi, texniki vəziyyəti, istifadə etdiyi yanacaq növü və onun keyfiyyəti, mühərrik həcmi və s. amillər atılan tullantıların həcminə və tərkibinə birbaşa təsir göstərir. Məhz bu baxımdan ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində bir sıra tədbirlər də həyata keçirilir. Bunlardan biri də xüsusilə, köhnə avtomobillərin atmosferə buraxdığı zərərli maddələr və onların fəsadları ilə bağlıdır. Belə ki,  bu amil nəzərə alınaraq, ötən il daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, qərar qüvvəyə minəndən sonra hər hansı ciddi dəyişikliyə səbəb olmayacaq:

 

“Sadəcə insanlar gələcəkdə maşın alan zaman bunu da nəzərə alacaqlar. Hər atılan kiçik addım gələcəkdə ümumən avtomobil parkının yenilənməsinə yönəlib. Burada əsas hədəf ətraf mühitin qorunmasıdır. Bunun üçün isə sağlam avtomobil parkımız olmalıdır. Bilirik ki, insanlar istəyərək, sevərək bu istiqamətdə addım atmırlar. Buna da görə də inzibati qərarlara ehtiyac yaranır”.

 

Müsahibimiz bildirib ki, dövlətin qəbul etdiyi qərar vətəndaşların mümkün qədər köhnə avtomobil almamasına istiqamətlənib:

 

“Belə maşınlara üstünlük verdikləri təqdirdə isə artıq fevralın 1-dən etibarən bu cür xərcləri çıxacaq. Əslində dünyanın bir çox ölkələrində belə ödənişlər var. Hətta bəzi ölkələrdə illik ödənişlər avtomobilin qiymətinin üçdə biri qədərdir. Ona görə orada vətəndaşlar köhnə avtomobil almağa maraq göstərmirlər. Həmişə təzə maşın alırlar ki, əlavə xərclər yaranmasın”.

 

Qeyd edək ki, fevralın 1-dən etibarən ölkəyə idxal olunan avtomobildən, eyni zamanda, hər il texniki baxışdan keçən avtomobillərdən rüsum tutulacaq. Sözügedən rüsum -  1 ildən 10 ilə qədər 10 manat, 11-21 il 20 manat, 21-31 il 30 manat, 31 ildən yuxarı olanlarda isə 40 manat təşkil edir.

 

Günay 

 

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi;

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


 


OXŞAR XƏBƏRLƏR