Ərdoğan İstanbulda muradına Muradla yetmək istəyir: İmamoğlu postu verəcəkmi? - ŞƏRH

Ərdoğan İstanbulda muradına Muradla yetmək istəyir: İmamoğlu postu verəcəkmi? - ŞƏRH

2024-cü ilin martın ayının 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) keçiriləcək seçkilərdə əsas diqqət İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyi uğrunda mübarizəyə yönələcək. 


Sfera.az xəbər verir ki, İstanbulun bələdiyyə sədrliyinə həm iqtidar tərəfinin, həm də əsas müxalifət partiyasının namizədinin adları açıqlanıb. 

 

CHP İstanbul üçün yenə də İmamoğlu deyir, AKP isə İstanbulda muradına Murad Kurumla çatmağı planlayır 

 

Budəfəki bələdiyyə seçkilərində iqtidarı təmsil edən Cumhur İttifaqının (əsas partiyalar AKP və MHP-dir) namizədi keçmiş ətraf mühit və şəhərsalma naziri, hazırkı millət vəkili Murad Kurum, ana müxalifət partiyasının (CHP) namizədi isə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğludur.

 

 

"İstanbulun fəthi"nin önəmi


Hər iki tərəf üçün İstanbul Böyükşəhər Bələdiyyəsinə seçkiləri qazanmaq böyük əhəmiyyət kəsb edir. İstanbul əhali sayına görə, Türkiyənin ən böyük şəhəridir. Burada 17 milyon insan qeydiyyatdadır ki, bu da Türkiyə əhalisinin 20 faizi deməkdir. Başqa sözlə, hər 5 Türkiyə vətəndaşından 1-i İstanbul sakinidir. Digər tərəfdən İstanbul sakinləri siyasi baxışına görə, Türkiyənin siyasi mənzərəsini də əks etdirir. Burada bütün regionlardan, fərqli siyasi və sosial düşüncəyə malik qruplardan insanlar yaşayır. Buna görə də İstanbul seçkiləri Türkiyə seçicisinin nəbzini yoxlamaq baxımından əhəmiyyətlidir. 

 


Tərəflərin seçkidəki şansı


İstanbul sakinləri arasında aparılan sorğulardan belə qənaətə gəlmək olar ki, hazırkı bələdiyyə sədri İmamoğlunun şansı daha böyükdür. Çünki İmamoğlu idarəçiliyi dövründən İstanbul əhalisinin böyük əksəriyyəti razıdır. Ancaq medalyonun iki tərəfi olduğu kimi seçkilərin də başqa tərəfi, başqa üzü var. İmamoğlunun məğlubiyyəti də istisna deyil. Belə ki, 2019-cu ildə İmamoğlu bələdiyyə sədri seçiləndə onu Millət İttifaqı (əsas partiyalar CHP və İyi Partiyası olub) dəstəkləyirdi. Bu seçkilərdə İmamoğlunu hələlik yalnız CHP dəstəkləyir. Millət İttifaqında təmsil olunan digər partiyalar seçkiyə öz namizədləri ilə qatılacaqlarını açıqlayıblar. 
Əgər deyildiyi kimi müxalifət çoxlu namizədlə seçkiyə gedərsə, İmamoğlunu dəstəkləyənlərin sayı azalacaq. 


Lakin fərqli ssenarinin olma ehtimalı da yüksəkdir. Xatırladaq ki, İYİ partiyasının və kürdləri təmsil edən DEM-in (əvvəlki HDP-red.) namizəd irəli sürməmə ehtimalı da var. Adıçəkilən partiyalar ötən il keçirilən prezident seçkilərində İmamoğlunun namizədliyi üzərində israr edirdilər. O zaman CHP sədri olan Kamal Kılıçdaroğlu öz mövqeyindən geri çəkilməyərək namizədliyini irəli sürdü. Türkiyəli siyasi şərhçilər əmindirlər ki, İstanbul bələdiyyəsinə seçkilərdə İYİ partiyası və DEM əvvəlki düşüncəsinə uyğun hərəkət edəcəklər və ən azından namizəd irəli sürməyəcəklər. Adıçəkilən iki partiya namizədini irəli sürməsə, İmamoğlunun yenidən bələdiyyə sədri seçilməsi imkanları xeyli artır. 


Qeyd edək ki, qalibi müyyənləşdirmək üçün bələdiyyə seçkilərində mövcud olan qaydalar prezident seçkilərində mövcud olan qaydalardan fərqlənir. Prezident seçkisində birinci mərhəldə seçilmək üçün 50 faizdən çox səs almaq tələbi var. Bələdiyyə sədrliyinə seçkilərdə belə bir tələb yoxdur. Yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlmək üçün sadə səs çoxluğunu qazanmaq kifayət edir. Bu səbəbdən hər hansı namizədin seçkini udması üçün daha çox partiyadan dəstək alması vacibdir. İqtidarın namizədi olan Murad Kurum bu baxımdan şanslıdır. Onu həm Cumhur İttifaqının bütün üzvləri, həm də mühafizəkar kəsimi təmsil edən Yenidən Rifah Partiyasının dəstəkləyəcəyi gözlənilir. 

 

AKP-nin "Fatehi" Murad Kurum kimdir?

 


Murad Kurum da İmamoğlu kimi gənc siyasətçidir. O, 1976-cı ilin mayın 7-də Ankarada anadan olub və seçki günü 48 yaşı tamam olacaq.  
Kurum son parlament seçkilərində İstanbuldan millət vəkili seçilib. O da mühafizəkar həyat tərzinə sahibdir, ixtisasca inşaat mühəndisidir.

Türkiyə cəmiyyəti Murad Kurumu 2009-cu ildən tanımağa başlayıb. O, həmin tarixdə Baş nazirə tabe olan Kütləvi Mənzil İdarəsinin (TOKİ) nəzarətindəki şirkətdə baş direktor vəzifəsinə təyin edilib. Kurum 2018-ci ilə qədər bu vəzifədə çalışıb. 


2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan Murad Kurumu ətraf mühit və şəhərsalma naziri vəzifəsinə təyin edib və o, 2023-cü ilə qədər bu vəzifə çalışıb. 


Nazirlik dönəmində prezident Ərdoğanın “çılğın layihə” adlandırdığı "Kanal İstanbul Layihəsi"ni müdafiə edib. Onun nazirlik dövründə Salda gölündə xüsusi layihə həyata keçirilib. Nazir Murad Kurum bu layihəni Maldiv adaları ilə müqayisə etsə də, onun davranışı ekoloqların ciddi narazılığına səbəb olub.
Kurumun adı nazir işlədiyi dövrdə də tez-tez İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd kimi hallanıb. Onun namizədliyinin irəli sürülməsi bu iddiaları təsdiqləmiş oldu. 

 

İmamoğlunun keçmiş məmurlarla "imtahanı"

 

Əvvəlki bələdiyyə seçkilərində də İstanbulda İmamoğlunun rəqibi keçmiş hökumət nümayəndəsi olub. Keçmiş nazir və Baş nazir olan Binəli Yıldırım İmamoğlu ilə mübarizədə qalib gələ bilmədi. İmamoğlu mühafizəkar təbəqənin bir hissəsinin səsini qazanaraq 25 il İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edən iqtidar partiyasından hakimiyyəti aldı. Böyükşəhər bələdiyyəsindən öncə İstanbul Beylikdüzü Bələdiyyəsinin sədri seçiləndə də İmamoğlu məhz iqtidar partiyasından sədrliyi almışdı. 


İmamoğlunun bu dəfə mühafizəkar təbəqədən daha çox səs alması gözlənilir. Onun siyasətində mühafizəkar yanaşmalar da aydın görünür. Digər tərəfdən ölkədə yüksək inflyasiyanın olması, əhalinin real gəlirlərinin azalması İmamoğlunun imkanlarını artıran digər amillərdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...