Kinematoqrafiya sahəsinin vergidən azad edilməsi yerli film istehsalına necə təsir edəcək?

Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı. Ölkəmizdə film istehsalının dəstəklənməsi üçün kinematoqrafiya müəssisələri vergidən azad olunub.
Bu barədə Sfera.az-a deputat Vüqar Bayramov açıqlama verib:
Mütəxəssis bildirib ki, güzəştlər 3 il müddətində qüvvədə qalacaq:
“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub.
Güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq. Qeyd edək ki, bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib”.
Ekspert qeyd edib ki, bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi:
“Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara reinvestisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.
Bütün bunlar ilə yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədə uyğundur. Xüsusən də, kinematoqrafiya müəssisələrinin xərclərini minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək”.
Firuzə Əliyeva