ABŞ prezidenti ilə 3 il öncə tanış olan Azərbaycan gözəli danışır-FOTO+VİDEO

ABŞ prezidenti ilə 3 il öncə tanış olan Azərbaycan gözəli danışır-FOTO+VİDEO

"Trampla bir-birimizin əlini sıxdıq, çox xoş təsadüf idi”; "Bəlkə də yollarımız yenidən kəsişdi, mənim üçün qeyri-mümkün heç nə yoxdur”
"Mən çox şadam ki, Tramp Amerika prezidenti seçilib”. Bu barədə musavat.com-a açıqlamasında "Kainat gözəli -2013” gözəllik müsabiqəsində Azərbaycanı təmsil edən azərbaycanlı gözəl Aysel Manafova bildirib. 

A.Manafova yerli medianın gündəmində uzun müddət  "Donald Trampın tanış olduğu azərbaycanlı gözəl” kimi hallandırılmışdı. Buna səbəb isə may ayında ABŞ-ın hazırkı prezidenti Barak Obamanın verdiyi bu açıqlama olmuşdu: "Respublikaçıların isteblişmenti əndişədədir ki, o, partiyanın ən mümkün namizədidir. Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn, Miss İsveç, Miss Argentina, Miss Azərbaycanla…”

Həmin vaxt bu mövzuda danışmaqdan imtina edən, onun adını yersiz şəkildə hallandıran mətbuat orqanlarını məhkəmə ilə hədələyən A.Manafova Trampın prezident seçilməsindən sonra Musavat.com-a bir daha danışdı. 

A.Manafovanın sözlərinə görə, o, Trampla tanışlığını çox gözəl xatırlayır: "Biz bir-birimizin əlini sıxdıq. Bu, çox xoş təsadüfdür ki, 3 il sonra həmin müsabiqənin iştirakçısı olduğumu xatırlayıram. Amma bundan da vacibi Trampla Rusiyanın münasibətlərinin yaxşı olduğunu görməkdir. Ümumiyyətlə, bu, hər zaman üçün pozitiv bir yenilikdir”. 

"Onunla yenidən görüşmək istəyərdinizmi?” sualına cavabda isə A.Manafova bildirdi ki, onun üçün qeyri-mümkünlük anlayışı yoxdur: "Bəlkə də onunla yenidən yollarımız toqquşacaq. Bizim həyatımızda hər şey bizdən asılı olaraq dəyişir”.



Musavat.com xatırladır ki, "Kainat gözəli -2013” gözəllik müsabiqəsində Azərbaycan ilk dəfə olaraq məhz 2013-cü ildə iştirak edib. Yarışmada ölkəmizi "Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edib. Müsabiqə 60 ildən sonra ilk dəfə Rusiyada gerçəkləşib.

Ağalarov ailəsinin təşkilatçılığı ilə keçirilən yarışma dünya standartlarına cavab verən "Krokus Siti Holl”da baş tutub. Şou iki mərhələdən ibarət olub. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutub. Həmin vaxt müsabiqənin sahibi Donald Tramp mediaya açıqlamasında bildirib ki, təşkilatçılıq yüksək səviyyədədir və öncəki illərdən daha möhtəşəm şou baş tutacaq.


Dünyanın 90 ölkəsindən gözəllərin qatıldığı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edib. "Kainat gözəli – 2013″ müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşıb. 25 oktyabrdan paytaxtda promo-həftə keçirilib, hər gün qızlar müxtəlif tədbirlərə qatılıblar.

Xatırladaq ki, "Miss Kainat” yarışması 1952-ci ildən etibarən keçirilir.

Fotolardan da gördüyünüz kimi, azərbaycanlı Aysel Manafova da həmin yarışmada iştirak edib. 





 
 
 


OXŞAR XƏBƏRLƏR