Bankda əmanətləri olan vətəndaşlara ŞAD XƏBƏR: “Bu yolla vergidən azad ola bilərsiniz” 

Bankda əmanətləri olan vətəndaşlara ŞAD XƏBƏR: “Bu yolla vergidən azad ola bilərsiniz” 

Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Yəni, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır. Hər iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək:

 

“Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq. Misal üçün, vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi vergi cəmi 60 manat olur”.

 

Millət vəkili bildirib ki, burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımızın vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır:

 

“Dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu o deməkdir ki, vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq. Vergi güzəştindən tam istifadə etmək üçün vəsaitin bir deyil, iki bankda yerləşdirilməsi daha məqsədəuyğun olardı. Bu zaman 50 min manat pul hər biri 25 min manat olmaqla, 8 faizlə 2 bankda yerləşdirilərsə, vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR