Rusiyanın dondurulmuş aktivləri Ukraynaya veriləcək – G7 ölkələri razılığa gəlib

G7 ölkələrinin (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada) liderləri Rusiyanın dondurulan 300 milyard dollarlıq aktivlərinə həbs qoymaq üçün yeni addımlar atmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, bu məqsədlə 2024-cü ilin fevralında G7 ölkələri xüsusi toplantı keçirəcək.
Həmin toplantıda liderlər Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərinə həbs qoymağa imkan verəcək yeni hüquqi formulu müzakirə edəcəklər.
Son aylarda ABŞ və Britaniya rəsmiləri Belçika və digər Avropa ölkələrində dondurulmuş rus aktivlərinə həbs qoyulması üçün səylərini artırıblar. ABŞ və Britaniya rəsmiləri inanırlar ki, Ukrayna müharibəsinin ikinci ildönümündə G7 ölkələri daha güclü razılaşmaya nail olmaqla uzunmüddətli maliyyə təminatını yaradacaqlar.
Xatırladaq ki, ABŞ-də respublikaçılar Prezident Co Baydenin Ukraynaya əlavə 61 milyard dollar yardım göndərilməsi tələbinə qarşı çıxır. ABŞ rəsmiləri xəbərdarlıq edir ki, yardım göndərilməsə, Ukrayna müharibədə çətin vəziyyətə düşəcək.
Ukraynaya uzunmüddətli maliyyə yardımını təmin etmək üçün ABŞ Rusiyanın aktivlərindən istifadə edilməsini təklif edib. ABŞ-nin bu təklifini Böyük Britaniya, Yaponiya və Kanada dəstəkləyib. ABŞ fevraldakı toplantıya qədər G7-nin digər üzvlərinin və Avropa İttifaqı ölkələrinin dəstəyini alacağına inanır.
Vasif