Neçə məktəbin keyfiyyətli internetə əlçatanlığı var? - SİYAHI

Ötən gün Elm və Təhsil Nazirliyi məktəblərin internet təminatı ilə bağlı bir məlumat paylaşıb. Paylaşıma əsasən, hazırda 1365 məktəb fiber-optik internetlə təmin edilib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz bildirib ki, əvvəlki illərin nəticələrinə baxsaq, bu, cari il üçün yetərincə böyük uğurdur.
Mütəxəssis illər üzrə fiber-optik bağlantı statistikasını təqdim edib:
2009- cu il - 10 məktəb
2012-ci il - 20 məktəb
2015-ci il - 65 məktəb
2016-ci il - 128 məktəb
2017-ci il - 170 məktəb
2018-ci il - 206 məktəb
2019 -cu il - 250 məktəb
2020-ci il - 301 məktəb
2021-ci il – 726 məktəb
2022-ci il - 1200 məktəb
2023-cü il - 1365 məktəb
Ekspert qeyd edib ki, ETN son 3 ildə bu sahədə xeyli irəliləyiş edib:
“Əvvəlki 10 ildə əldə olunan nəticədən daha çox nəticə cəmi 3 ilə reallaşıb. Təqdirəlayiq haldır. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, bu addımlar həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sektorda yürütdüyü liberal, "yumşaq" siyasətlə, özəl provaydrelərə yaratdığı şəraitlə bağlı olub. Hansı ki, əvvəlki illərdə ETN-də bu işləri icra edən "AzEduNet" provayderi inhisarçılıq səbəbindən dövlətə məxsus rabitə resurslarından istifadə sahəsində ciddi problemlərlə üzləşirdi. Xatırladıram ki, məktəblər həmdə ADSL və Peyk texnologiyası ilə, həmçinin ETN və Bakcell arasında imzalanan memoranduma əsasən, 3G, 4G və LTE texnologiya əsasında da internetə qoşulublar”.
AİF prezidentinin sözlərinə görə, ciddi uğurlara baxmayaraq, məktəblərin çoxunda hələlik genişzolaqlı internet məsələsi tam həll edilməyib:
“Hazırda RİNN-nin regionlarda apardığı uğurlu internet infrastruktur siyasəti, həmçinin "Starlink" texnologiyasına və keyfiyyətli mobil internetə əlçatanlığın olması düşünmək üçün əsas verir ki, qarşıdakı ildə ən ucqarlarda olan məktəblər də keyfiyyətli internet əldə edə biləcəklər”.
Firuzə Əliyeva