20 gün əvvəl yoxa çıxan Navalnı Arktikada tapıldı

20 gün əvvəl yoxa çıxan Navalnı Arktikada tapıldı

20 gün əvvəl yoxa çıxan rusiyalı müxalifətçi Aleksey Navalnı Rusiyanın Arktikadan da uzaqlarda - Yamalo-Nenets Muxtar Dairəsində yerləşən koloniyada tapılıb.
 

Sfera.az bildirir ki, müttəfiqləri müxalifətçinin poçt və mobil rabitənin işləmədiyi koloniyaya aparıldığını deyir. Tərəfdarları onun səhhətinin normal olduğunu, lakin tam təcrid olunduğunu iddia edirlər. Navalnının müttəfiqi və qərargah rəisi Leonid Volkov sosial şəbəkə paylaşımında Kremlin Navalnıya qarşı növbəti addımlarından danışıb.


Volkov bildirib ki, Navalnı Yamal-Nenets Muxtar Dairəsinin Xarp kəndində koloniyadadır. O, əmin edir ki, Rusiya hakimiyyəti 20 gün ərzində məhkumun harada olması barədə məlumatı qəsdən gizlədib.
 

"Bu koloniyaya getmək, demək olar ki, qeyri-mümkündür, ora məktub göndərmək belə mümkün deyil. Bu, dünyadan təcridin mümkün olan ən yüksək səviyyəsidir"- Volkov yazıb.
 

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov baş qərargah rəisinin mesajına bəzi detallar əlavə edib. O, xüsusən Navalnının 3 saylı “Qütb canavarı” islah koloniyasında olduğunu göstərib. Onun sözlərinə görə, oradakı şərait daimi donlara görə xüsusilə çətindir. Bundan əlavə, həbsxananın poçt şöbəsi işləmir və mobil telefon xidməti yoxdur.
 

Navalnının mətbuat katibi Kira Yarmış onun yaxşı olduğunu bildirib.
 

Qeyd edək ki, hazırda Navalnının yerləşdiyi Xarp kəndindən Moskvaya qədər olan məsafə təxminən 1700 km-dir. Ən yaxın böyük şəhər Vorkuta 100 km məsafədədir.


Xatırladaq ki, Aleksey Navalnı Rusiya hökumətində korrupsiyaya qarşı mübarizə apardığını bəyan edən və bir neçə dəfə Rusiya prezidenti postuna namizədliyini irəli sürən rusiyalı siyasətçidir. O, müxalifətin bir neçə mitinqini təşkil edib ki, onlardan biri 2011-ci ildə baş tutub. Bu zaman bir milyon moskvalı küçələrə çıxıb. 2020-ci ildə o, rus kəşfiyyatçıları tərəfindən zəhərlənib, lakin müxalifətçi sağ qalıb. Rusiya Federasiyasına qayıdan Navalnı müxtəlif cinayət ittihamları ilə 25 il müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 6-dan bəri koloniyadan Navalnıdan xəbər yoxdur. Məhz buna görə də bəzi Rusiya KİV-ləri onun Rusiya hakimiyyəti tərəfindən öldürüldüyünü iddia ediblər.


2023-cü ilin yazında isə Navalnı haqqında çəkilmiş film Akademiya Mükafatı alıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR