Azərbaycanda pul bazası azalır - Nə baş verəcək?

Azərbaycanda pul bazası azalır - Nə baş verəcək?

Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramlı deyib ki, pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirləri xüsusi təsirə malikdir:

 

“Pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur. Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin də yüksəlməsi müşahidə olunur.  Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır”.

 

Millət vəkili bildirib ki, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir:

 

“Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

 

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir.

 

Günay


OXŞAR XƏBƏRLƏR