Şəkər xəstələrinə spirtli içki olar? – HƏKİM RƏYİ
Yəqin ki, çoxunuz bu ifadəni eşitmisiniz: "diabet xəstəlik deyil, həyat tərzidir".
Yəni müəyyən qaydalara əməl etdikdə insan xəstəliyin onun həyatına mənfi təsirini minimuma endirə bilər. Ancaq bu qaydalara əməl olunmazsa, şəkərin səviyyəsi qanda daim yüksək olarsa, bu, orqanizmin bir çox orqan və sistemlərində müxtəlif ağır pozulmalara, hətta komaya səbəb ola bilər. Bu qaydalar sırasında pəhriz və düzgün qidalanma önəmli yerdə durur. Xəstə hansı qidaları yeyib-yeməyəcəyini dəqiq bilməli və buna ciddi riayət etməlidir. Bu baxımdan qidalanma şəkərli diabet xəstələrini düşündürən mövzudur. Şəkər xəstələrinin həkimə ən çox verdiyi suallardan biri isə budur - spirtli içki qəbul etmək olarmı?
Aile.lent.az bununla bağlı endokrinoloq Nadirə Ağazadənin fikirlərini öyrənib. Həkim deyir ki, şəkərli diabet xəstələrinə spirtli içki qəbul etmək məsləhət görülmür: "Hər bir diabetli xəstə içki qəbul edərkən çox diqqətli olmalıdır, çünki alkoqol xəstənin hər gün qəbul etdiyi şəkərsalıcı dərmanlar və ya vurduğu insulinin müalicəvi effektinə təsir göstərərək, qan şəkərinin yüksəlməsinə və ya normadan çox düşməsinə -hipoqlisemiyalara səbəb olur. Əsasən də alkoqol qəbulu qan şəkəri tez-tez düşən, kontrolsuz hiperlipidemiyası - yağları çox olan xəstələrdə ağır hipoqlisemiyalar, ketoz, pankreatit və s. ciddi ağırlaşmalara gətirib çıxara bilər”.
N. Ağazadə alkoqol qəbul edən şəkər xəstələrinə bəzi məsləhətlər verib: "Spirtli içkilər ac qarına içilməməli, yeməklə bir qəbul olunmalıdır. Sürətlə yox, yavaş-yavaş içilməlidir. Şirniyyatla yanaşı qəbul olunmamalıdır. Spirtli içki qəbul olunan gün və onun səhərisi xəstənin qan şəkəri ölçülməli, əgər ciddi durum varsa, bu barədə həkiminə məlumat verilməlidir. Ətrafınızda olan insanlardan hər hansı biri sizin şəkərli xəstə olduğunuzu bilməlidir. Yaxşı olar ki, üzərinizdə sizin şəkərli diabet xəstəsi olduğunu bildirən bir sənəd olsun”.