"Mədəniyyətimiz Azərbaycanın tarixi xəzinəsidir" - “Heydər Əliyev İli” çərçivəsində tədbirlər - FOTOLAR

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”,- deyib Ümummilli Lider Heydər Əliyev.

 

Doğrudan da dünya ölkələrində bir xalqın imicinin formalaşmasında mədəni göstəricilər mühüm yer tutur. Məhz mədəniyyətin inkişafı, təbliği ilə yeni perspektivləri kəşf etmək, sosial əlaqələri gücləndirmək mümkündür.


Mədəniyyət cəmiyyətin dəyərlərini, adət-ənənələrini, incəsənətini və həyat tərzini əks etdirən mühüm elementdir. Bir cəmiyyətin mədəni irsi o cəmiyyətin kimliyinin təməl daşlarından biridir. Mədəniyyətin təbliği cəmiyyətlər arasında anlaşmanı artıra və insanları bir araya gətirə, həmçinin bu irsin qorunub-saxlanmasını və gələcək nəsillərə ötürülməsini təmin edə bilər. Bu mənada mədəni tədbirlər, festivallar da cəmiyyətin mədəni irsinin təbliği üçün mühüm vasitədir. Elə bu məsələləri rəhbər tutaraq Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi son dövrlərdə irimiqyaslı tədbirlər – forumlar həyata keçirib…
 
Kino Forumu


“Bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”.

Mərhum aktyorumuz Səməndər Rzayevin bu sözləri, yəqin ki, hər kəsin xatirindədir. Həqiqətən də, mədəniyyətin qəliz, lakin bir o qədər mühüm sahəsi olan kinoya bu ildən etibarən xüsusi diqqət ayrıldı. Buna nümunə olaraq aprel ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunu göstərmək mümkündür.

 

Forumda Azərbaycan kinosunun keçdiyi tarixi inkişaf yoluna toxunulmaqla bərabər, eyni zamanda bu sahədə müasir dövrün yanaşmalarından bəhs edildi, mövcud problemlər gündəmə gətirildi. Xarici ölkələrin teatr sahəsinin tanınmış nümayəndələrini bir araya gətirən tədbirdə milli ideologiyamızın tanıdılmasında müstəsna rolu olan kinomuzun tutduğu mövqe işıqlandırılmış oldu. İki gün davam etmiş Forumda həmçinin yerli filmlərə marağın artırılması, kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi aktual məsələlərə toxunuldu.


 
 
Azərbaycan Dili və Ədəbiyyatı Forumu


Sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu təşkil edildi. Nazirliyin sözügedən istiqamətdə silsilə tədbirlərinin davamı olaraq Forumda ana dilimizin zənginliyinə xüsusi toxunuldu və yaxın perspektivdə dilin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələrin gerçəkləşdiriləcəyi bildirildi.

 

Forumun təşkilinin bir sıra faydaları oldu:


Məlumat mübadiləsi: Forum qrammatika qaydaları, lüğət, dil tarixi və ədəbi cərəyanlar kimi mövzularda məlumat mübadiləsini təşviq etdi;


Əməkdaşlıq: Dil mütəxəssisləri və ya yazıçılar forumda qarşılaşdıqları problemləri paylaşmaqla digər üzvlərdən dəstək ala bildilər. Bu, həmçinin birgə layihələrdə əməkdaşlıq imkanları yaratmış oldu;


Fərqli perspektivlər: Forum müxtəlif mədəniyyətlərdən və dil bacarıqlarından olan insanları bir araya gətirdi və müxtəlif perspektivləri kəşf etməyə imkan yaratdı;


Motivasiya və şəxsi inkişaf: Forum dil və ədəbiyyat həvəskarlarına özlərini bir cəmiyyətdə hiss etməyə imkan vermiş oldu;


Bu Forum dil və ədəbiyyat həvəskarlarına təcrübə mübadiləsi, yeni perspektivlər əldə etmək və bu sahədə dəstək tapmaq üçün bir araya gəlmə imkanı yaratdı.Tədbirdə mədəniyyət sahəsində xidmətləri olan şəxslərin fikirləri dinlənildi, qarşılıqlı müzakirlər həyata keçirildi. Bu həm də nazirlik və mədəniyyət nümayəndələri arasında interaktiv əlaqələrin qurulmasında müstəsna rol oynadı.


“Əlçatmazlıq” tabusunun qırılması…


Ümumiyyətlə, cari il ərzində Mədəniyyət Nazirliyi rəsmilərinin mədəniyyət nümayəndələri ilə təşkil etdiyi görüşlər, nazirliyin həyata keçirdiyi tədbirlər, tərəflər arasında “əlçatmazlıq” tabusunu dağıtdı. Belə ki, hazırda mədəniyyət nümayəndələri çox rahatlıqla qurum rəsmiləri ilə görüşdə iştirak edir, tələb və təkliflərini səsləndirə bilir. Şəffaflıq, hesabatlılıq və iştirak prinsipləri baxımından nazirliyin bu formada ictimaiyyət üçün açıq olması vacibdir. Nazirlik ictimaiyyətə açıq olaraq vətəndaşlara qərar qəbuletmə proseslərində iştirak etmək və dövlətin fəaliyyətinə nəzarət etmək imkanı verməklə Azərbaycanın “demokratik dövlət” anlayışını dəstəkləyir.


Bu yolda atılan addımlardan biri də 2023-cü ilin 20 iyul tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi idi. Nəticədə Şuraya ictimai birliklərin də təmsil olunduğu ümumilikdə 9 üzv seçildi.Həmçinin nazirliyin sənət adamlarına açıq olması, qarşılıqlı əlaqələrin qurulması isə sözsüz ki, bu sahədə davamlı inkişafın təmin edilməsinin açarı hesab edilə bilər.


 
“Mədəni niyyətin” daha bir göstəricisi – Musiqi Forumu…


Mədəniyyətin müxtəlif sahələrinə olduğu kimi, musiqiyə də 2023-cü ildə xüsusi diqqət ayrılıb. Belə ki, oktyabrın 29-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu təşkil edildi. Son illər ərzində dövlət başçısı tərəfindən musiqi sənətinin inkişaf etdirilməsi ilə bağlı atılan addımların davamı kimi bu Forum Azərbaycan musiqisinin tarixinə nəzər salmaq imkanı yaratmış oldu. İki gün davam etmiş tədbir çərçivəsində Azərbaycan musiqi sənətinin dühaları ilə bərabər, xarici qonaqlar da iştirak etdi. Bu isə Azərbaycanın qədim musiqi ənənələrinin dünya ictimaiyyətinə çatdırılmasına, çağdaş dövrün musiqi sənəti ilə bağlı sahə mütəxəssislərinin fikir mübadiləsi aparmasına yardım etmiş oldu. Forumda həmçinin milli musiqi ənənələrinin yaşadılması müzakirə edildi, bu istiqamətdə təkliflər səsləndirildi. Mədəniyyətin bir qolu olan musiqinin inkişafı, mövcud problemlərinin aradan qaldırılması kimi aktual məsələlərdən söz açıldı.


 
Mədəni irs Forumu


İlin sonunda Heydər Əliyev Fondu və nazirliyin həyata keçirdiyi möhtəşəm tədbirlərdən biri də Mədəni irs Forumu idi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilmiş Forumda məşhur tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislər iştirak etdi.

Burada mədəniyyətimizin və milli irsimizin inkişaf etdirilməsi, mövcud problemlər və həll yolları, bu sahənin təbliği ətrafında diskussiyalar təşkil edildi. Mədəni irsin qorunub-saxlanması cəmiyyətlərin identikliyini gücləndirir, tarixi şüurunu inkişaf etdirir, iqtisadi potensialı artırır, incəsənəti dəstəkləyir və qlobal anlaşmanı təşviq edir. Forum mədəni irsin inkişafına töhfə verərək cəmiyyət daxilində bu yöndə əlaqələrin artmasına rəvac vermiş oldu.


Dövlət strategiyasının təbliği, birgə fəaliyyət…


Zəngin dünyəvi dəyərə malik mədəniyyətimiz Azərbaycanın tarixi xəzinəsi, bəşəri irsə verdiyi ən böyük töhfədir. Bu mənada Mədəniyyət Nazirliyinin Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilmiş Azərbaycanın mədəni-mənəvi dəyərlərinin tanıdılması, inkişafı üçün atdığı addımlar azərbaycançılıq fəlsəfəsi üçün müstəsna rol oynamaqdadır. Son olaraq qeyd edək ki, Azərbaycan mədəniyyətinin hamisi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond və nazirliyin birgə fəaliyyəti qloballaşan dünyada müxtəlif mədəniyyətlər arasında birliyin yaradılması üçün əvəzsizdir.
 


Nihad Allahyarlı

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi


OXŞAR XƏBƏRLƏR