Qeyri-maddi mədəni nümunələr İrs Siyahısına daxil edildi

Qeyri-maddi mədəni nümunələr İrs Siyahısına daxil edildi

Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.

 

Mədəniyyət Nazirliyindən Sfera.az-a bildiriblər ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:

 

1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;

2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;

3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;

4. Azərbaycan muğamı;

5. Lahıc misgərlik sənəti;

6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;

7. Azərbaycan aşıq sənəti;

8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;

9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;

10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.

 

Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb, mədəni irsin qorunmasının, mühafizəsinin və davamlılığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.

 

Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.

 

Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...