Azərbaycan bu beynəlxalq tədbirə ev sahibliyi edəcək

Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Politoloq Məhəmməd Əsədullazadə sözügedən qərarı Sfera.az-a şərh edib.
M. Əsədullazadə bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun beynəlxalq arenadakı təcrübəsindən irəli gəlir.
“Azərbaycanın beynəlxalq təşkilatların konfranslarına ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artmasında misilsiz rol oynayıb. Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsi,Birinci Avropa Oyunları Azərbaycanda növbəti beynəlxalq tədbirlərin keçirilməsinə inam yaratdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizə həvalə edilməsi güvən və etimadın təzahürü idi. Bu etimad yaradılan əlverişli təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu ilə də sıx bağlıdır”.
Politoloqun sözlərinə görə, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi gələcəkdə beynəlxalq dəstəyin artmasında da əhəmiyyətli rol oynayacaq:
“Bakı hər dəfə beynəlxalq tədbirlərə ev sahibliyi etdikcə beynəlxalq arenadakı gücünü dünyaya bir daha sübut edir”.
Ülkər