Prezident seçkiləri tarixində BİR İLK: Səsvermə Azərbaycanın bütün ərazisində keçiriləcək

Prezident seçkiləri tarixində BİR İLK: Səsvermə Azərbaycanın bütün ərazisində keçiriləcək

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində bir ilk yaşanacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində, kənd, qəsəbə və şəhərlərində keçiriləcək. 


Sfera.az xatırladır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən İkinci Qarabağ müharibəsindən və bu il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra uzun müddət işğal altında qalan torpaqlarımız işğalçı qüvvələrdən təmizləndi, ölkə ərazisində dövlət suverenliyi tam təmin olundu. İkinci Qarabağ müharibəsinə qədər 900 yaşayış məntəqəsi, o cümlədən 10 rayon, bir respublika tabeli şəhər işğal altında idi. Həmin ərazilərdə təxminən 30 ilə yaxın müddətdə seçki keçirmək mümkün olmamışdı. 


Ərazilərimizin işğaldan azad edilməsi həmvətənlərimizə öz dogma yurd-yuvalarına qayıtmaq imkanı yaratdı və artıq bir neçə min insan işğaldan azad edilən ərazilərdəki yaşayış məntəqələrinə köçüb. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə keçiriləcək ilk seçkiləri əlamətdar edən hadisələrdən biri də səsvermə prosesinin həm də işğaldan azad edilən ərazilərdə təşkil edilməsi olacaq. Buna görə də gələn ilin fevralında baş tutacaq növbədənkənar prezident seçkiləri böyük ictimai-siyasi məna da kəsb edəcək. 


Növbəti prezident seçkilərinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilməsi faktını şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, 2024-cü ilin fevralında baş tutacaq seçkilər bu baxımdan çox maraqlı və əlamətdar olacaq. “Biz gələn il çox maraqlı və əlamətdar seçki tarixini yaşayacağıq” – deyən ADP sədri növbəti seçkilərin coğrafi baxımdan Azərbaycanın bütün ərazisini əhatə edəcəyini söylədi:

“Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, işğaldan azad edilən yaşayış məntəqələrinin sakinləri öz yurdlarında seçkidə iştirak edəcək. Artıq dəqiq bəllidir ki, Laçında, Şuşada, Fuzulidə, Cəbrayılda əhalinin bir hissəsi qeydiyyatda olduqları yaşayış məntəqələrində seçkiyə qatılacaqlar. Çünki məcburi köçkünü olan rayon və şəhərlərin əhalisinin bir hissəsi öz rayon və şəhərlərinə qayıtmaq imkanı əldə ediblər. Bu imkan onlara öz kəndlərində, qəsəbələrində və ya şəhərlərdə seçkiyə qatılmaq imkanını da qazandıracaq. İnsanların geri qayıdaraq məskunlaşdığı kənd, qəsəbə və şəhərlərdə seçki məntəqələri təşkil ediləcək. Hələ qayıda bilməyən məcburi köçkünlər isə yaşadıqları digər rayon və şəhərlərdə səsvermə prosesinə qatılacaqlar”. 


Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da növbədənkar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısının sərəncamının siyasi və tarixi əhəmiyyətinin olduğunu vurğuladı.

 

Sərəncamı yüksək dəyərləndirdiyini bildirən F.Ağamalı ölkənin bütün ərazisində seçki prosesinin baş tutmasını önəmli hadisə adlandırdı:

 

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq keçiriləcək prezident seçkiləri bütün ölkə ərazisində, bütünləşən Azərbaycan ərazisində keçiriləcək. Bu baxımdan xüsusi olaraq sevindirici və önəmli hadisədir. Millətimiz və dövlətimiz üçün uğurlu və düşərli olsun”. 


F.Ağamalı vurğuladı ki, rəhbərlik etdiyi siyasi təşkilat da bu proseslərin içində olacaq: “Qurultayımızı çağırmaq niyyətindəyik və qurultayda ənənəmizə sadiq qalaraq Cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyik, ümumxalq mübarizəsinin içində yer alacağıq”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR