Ekspert piyada ölümləri barədə: "İnsanlara sərt cəzalar və cərimələr tətbiq edilməlidir" 

Ekspert piyada ölümləri barədə:

Dünən sosial mediada iki qəza görüntüsü yayılıb. Yaxın ərazilərdə piyada keçidi olmasına baxmayaraq, piyada yolu onun üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyir.Kimi deyir, günah piyadadadır kimi deyir, infrastruktur düz deyil.

 

Bu məsələnin həlli yolu kimi hansı addımlar atılmalıdır?


Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, infastrukturla bağlı müəyyən problemlər var, lakin bu, o demək deyil ki, insanlar özlərini yola atmalıdır:


“Qaydalar var və insanlar da bunu nəzərə almalıdır. Keçid onlar üçün tikilib, boşuna oraya salınmayıb. Piyadalar yol hərəkəti qaydalarını demək olar ki, bilmirlər, çox az riayət edirlər. Piyadaların yol hərəkəti haqqında qanunda 4 məsuliyyət növü var. Bunlar işıqforun tələblərinə riayət etmək, operativ nəqliyyat vasitələrinə yol vermək, keçiddən istifadə etmək və yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmamaqdır. Bu qaydaları pozan şəxslər 20 manat cərimə olunur. Bu hallar sürət həddi 80 və daha yüksək olan yollarda baş verirsə, bu halda piyada 40 manat cərimə olunur”.

 

Mütəxəssis bildirib ki, vətəndaşlar bilərək özlərini ölümə aparırlar: 

 

“Son günlər xüsusən də 8 noyabr prospektində qarşılaşdığımız yol qəzaları görüntülərinə baxanda yaxınlıqdakı piyada keçidləri diqqəti cəlb edir. Qəza baş verən ərazidən 20 metr uzaqlıqda yenə kimsə yolu keçir. Bu bir az sürü psixologiyasıdır. İnsanlar şüurlu şəkildə ölümə gedirlər. Bunun araşdırılmasına ciddi ehtiyac var. Hər bir halda vətəndaşlar nəzərə almalıdır ki, təhlükəsizlik fərdi qaydada olur”.

 

Ekspertin sözlərinə görə, məsələnin həlli yolu kimi sərt cəza tədbirləri görülməlidir:


“Hesab edirəm ki, ilk növbədə nəzarət tədbirləri gücləndirilməlidir. İnsanlara sərt cəzalar və cərimələr tətbiq olunmadıqca vəziyyətimiz heç də yaxşı olmayacaq. Digər tərəfdən, infastruktur məsələlərinə baxılmalıdır. Bəzi adamlar hesab edir ki, piyada keçidləri avtobus dayanacaqlarının yanında olmalıdır. Lakin vətəndaşlar avtobusdan düşüb birbaşa keçidə daxil olduğu üçün bu da təhlükəlidir. Beləliklə qəza riski yarana bilir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR