Turşularda ehtiyatlı olun
Sağlıq
16:00 / 11.11.2016
1441
Son araşdırmaların nəticələrinə görə, insanlar arasında baş verən qida zəhərlənmələrinin 52%nin səbəbi toksik tərkibli tərəvəz turşularıdır.
Soyuq aylarda ləzzətlə yeyilən konservləşdirilmiş turşu məhsullarından zəhərlənmə halları artır.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a bildirib ki, daha çox konserv qidalarda olan və "Clostridium botulinum” adlı bakteriya toksini ilə yaranan şiddətli qida zəhərlənmələrinin böyük əksəriyyəti istiliklə bişirilmədən bağlanan, evdə hazırlanmış, yaxşı bişirilmədən yeyilən konservlərdən qaynaqlanır.
İ.Abdullayevin sözlərinə görə, bu toksinlə zəhərlənmə zamanı ortaya çıxan xəstəliyə "Botulizm” deyilir: "Ümumiyyətlə hansısa bir konserv məhsulu hazırlayarkən onun xammalının düzgün seçilməsi, təzə olması, təmiz yuyulması və sonradan strerilizasiyasının təminatına diqqət etmək lazımdır. Konservləşdirmə zamanı sağlıq və gigiyenik qaydalara düzgü riayət etmədikdə zəhərlənmələrə yol açır. "Clostridium botulinum” toksini dünyada bilinən ən güclü zəhərlərdən biridir və bu toksinli qidaların yeyilməsindən 12-36 saat sonra qusma və bağırsaq problemi yaşanır”.
"Əslində tutmanın tərkibində istifadə edilən komponentlərin heç birində təhlükə yoxdur. Təhlükə odur ki, komponentlərdən hər hansı biri torpaqla çirklənir, yuyularkən təmiz yuyulmur və üzərində torpaq qalır. Həmin komponentin torpaqlı konservləşdirilməsi zəhərlənmə yaradır. Tutmanın içərisinə qarışdırılan komponentlərdən birinin üzərində kiçik torpaq hissəciyi varsa, banka germetik bağlanan kimi artıq o toksik orqanizm hərəkətə keçməyə başlayır. Konserv məhsullarında istifadə edilən sirkənin isə deyildiyi kimi zəhərlənməyə aiddiyatı yoxdur. Sirkə əslində məhsulların canlı, möhkəm qalmasını təmin edir” – deyə, İ.Abdullayev əlavə edib.
Qurum rəsmisi qeyd edib ki, turşudan zəhərlənmə zamanı ağızda və boğazda quruma, qızarma, ağrı hiss edilir.
Turşu hazırlayarkən nələrə diqqət etmək lazımdır?
Turşu hazırlanarkən istiliyə davamlı şüşə qablar istifadə edilməlidir.
Turşu hazırlanmasında plastik qab istifadə edilirsə, bu qablar ancaq bir dəfəyə istifadə üçün yararlı ola bilər. Şüşə qablar və qapaqlar mütləq 15-20 dəqiqə qaynadılaraq strelizə edilməlidir.
Şüşə banka qapaqlarının paslı olmamasına diqqət edin.
Meyvələr və pomidor kimi qidalar təxminən 20 dəqiqə qaynadılmalıdır. Tərəvəzləri isə 116 dərəcə istilikdə 20-25 dəqiqə qaynatmaq lazımdır.
Şüşə bankanın qapağının şişməməsi, kənar qismlərdən sızmaması, qapaq açılarkən suyun fışqırmaması, turşunun özünə xas qoxu və rəngdə olmasına diqqət edilməlidir.
Turşunu yemədən əvvəl bankada 10 dəqiqə qaynadın.
Hazır konservi satın alarkən onun hazırlanma tarixinə, qutuda qabarıqlıq, şişmə olmamasına, qutunun kiflənmiş, paslanmış və əzik olmamasına diqqət edin.
Şişmə konservdə bakteriya olmasının göstəricisidir.
Komponentlər yaxşı yuyulmalıdır. Tutma havayla təmasda olmamalı və sərin bir yerdə saxlanmalıdır.
Qeyd edək ki, gündəlik duz qəbulumuz 5 qramdan çox olmamalıdır. Turşular yeyildiyində isə biz gündəlik ehtiyacımızın yarısı qədər duz yemiş oluruq. Bu qədər duzlu qidanın yeyilməsi məsləhət deyil.
Yüksək təzyiqi, böyrək çatışmazlığı olanların , ürək-damar xəstələrinin, körpə uşaqların çox duz yeməsi məsləhət görülmür. (lent.az)