Azərbaycan PISA-2022-də niyə geriləyib? - Ekspert səbəbi AÇIQLADI

Azərbaycan PISA-2022-də niyə geriləyib? - Ekspert səbəbi AÇIQLADI

5 dekabr 2023-cü il tarixində PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb. Cədvəldə riyaziyyat, oxuyub anlama və təbiət elmləri sahəsindəki göstəricilərə görə qiymətləndirmə yer alır. Ölkəmizin 2018-ci il nəticələri ilə müqayisədə isə geriləmə müşahidə olunub.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb.

 

Mütəxəssisin fikrincə, geriləmənin əsas səbəbi COVID-19 pandemiyasıdır:

 

“PISA-2022 tədqiqatı üzrə əksər ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. PISA-2022 nəticələrinə görə əksər, ölkələrin geriləməsinin əsas səbəblərindən biri COVID-19 pandemiyasının mənfi təsirləridir. PISA-2018 ilə müqayisədə əvvəlki dövrdə yüksək nəticələr əldə etmiş inkişaf etmiş ölkələr arasında ən çox geriləmə müşahidə olunan ölkələr sırasında Finlandiya, Hollandiya və Norveç var”.

 

Eskpert qeyd edib ki, Azərbaycan üçün yaxşı hesab olunacaq məqamlar da var:

 

“PISA-2022-ci il nəticələrinə əsasən, Azərbaycan 81 ölkə arasında 56-cı yerdədir. PISA-2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsək də, regiondakı ölkələrlə müqayisədə irəlidəyik və MDB ölkələri arasında 3-cü yerdəyik. Azərbaycan PISA-2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir. Eyni zamanda, Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib.

 

Ölkəmizin riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə, ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb. Şagirdlərin riyaziyyatda narahatlıq səviyyəsi OECD ortalamasından aşağıdır, bu isə müsbət haldır”.

 

Qeyd edək ki, 3 ildən bir keçirilən və dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA müxtəlif ölkələr üzrə 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini qiymətləndirir. 2022-ci ildə keçirilmiş PISA tədqiqatında əsas tədqiqat obyekti riyaziyyat olub və 81 ölkə üzrə ümumilikdə 700 000-ə yaxın şagird iştirak edib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR