Pifaqordan Tolstoya qədər - Fəlsəfəyə əsaslanan vegetarianlığın tarixi
Pifaqor, Lev Tolstoy və Leonardo da Vinçi müxtəlif dövrlərdə yaşamış məşhur mütəfəkkir olsalar da, hamısının bir ortaq cəhəti var idi. Hər üç mütəfəkkir günü-gündən geniş yayılan vegetarianlığın məşhur nümayəndələri və praktikantları arasında olub.
Bəs vegetarianlıq necə yaranıb?
Sfera.az bu barədə yazını təqdim edir:
Vegetarianlığın yaranma tarixi eramızdan əvvəl VI əsrin əvvəlləri kimi qəbul edilsə də, onun mənşəyi çox daha uzaqlara, ibtidai icma quruluşuna gedib çıxır.
Bununla belə, vegetarianlığın əsas tarixi b.e.ə I minilliyin ortalarından başlayır.
Pifaqor vegetarianlığın ən qədim təcrübəçilərindən biridir. B.e. 570-495-ci illər arasında yaşamış yunan riyaziyyatçısı və filosofu fəlsəfi səbəblərə görə metempsikoz (ruhun ölümdən sonra bir neçə canlının bədənindən keçəcəyi barədə mistik anlayış) konsepsiyasına əsaslanan bu pəhrizin davamçısı olmuşdur.
O dövrdə zorakılığın mövcud olmadığı, insanların və heyvanların tam harmoniya içində yaşadığı utopik cəmiyyətin “Qızıl əsri” mifi geniş yayılmışdı.
Pifaqor və onun ideologiyasına tabe olanlar hesab edirdilər ki, heyvanların öldürülməsindən çəkinmək insanların dinc və birgə yaşayışında əsas amildir. Heyvanların kəsilməsi insan ruhuna qarşı qəddarlıqdır və cəmiyyətdə daha çox zorakılığa səbəb olur.
Eyni zamanda, Şərqdə Hinduizm və Buddizm kimi dinlər insanları heyvanlara qarşı zorakılıqdan çəkindirir və vegetarian pəhrizləri təbliğ edirdi.
Pifaqorun prinsipləri o qədər təsirli olub ki, XIX əsrin sonlarına qədər ət yeməyən insanlara hətta “Pifaqor” deyirdilər.
Məşhur vegetarianlar arasında Platon, Leonardo da Vinçi, Benjamin Franklin, Franz Kafka, Lev Tolstoy, Mahatma Qandi, Albert Eynşteyn və Corc Bernand Şou da var idi.
Qədim Roma sivilizasiyasında isə Pifaqorun ideyaları o qədər çox ardıcıl tapmayıb.
Heyvanları və qladiatorları arenalarda öldürməyi məşhur əyləncəyə çevirən döyüşçü mədəniyyətində vegetarianlıq ideyası da “qılıncdan keçirildi”. Yalnız asket səbəblərə görə ət istehlakını məhdudlaşdıran rahiblərin qarşısını alan bir şey olaraq qaldı.
(Askentizm - dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Məs., özünü qidadan məhdudlaşdırma (oruc), seksual münasibətlərdən qorunma, tənhalığa çəkilmə, susmaq və ya dərvişlik).
Antik filosofların və onların ideyalarının yenidən qiymətləndirilməyə başlanıldığı Renessans dövründə vegetarianlıq yenidən doğuldu.
İntibah və erkən müasir dövrün bir çox filosofları və alimləri heyvanların öldürülməsi haqqında yazırdılar (baxmayaraq ki, onların hamısı ət yeməkdən imtina etməmişdir). Bu adlardan ən məşhuru Leonardo da Vinçidir.
Vegetarianlığın bu hərəkatı XIX əsrdə daha geniş vüsət aldı. Məhz bu genişlənmə Böyük Britaniyada ilk vegetarian cəmiyyətinin qurulmasına və Londonda ilk vegetarian restoranlarının yaranmasına səbəb oldu.
XXI əsrdə vegetarianlıq fəlsəfi və dini ideologiyalardan kənara çıxdı. Ətraf mühit və heyvan hüquqları hərəkatının əsasını gücləndirərək daha da inkişaf etdi. Bu həm də sağlam həyat tərzi üçün vacib idi.
Hazırda isə Hindistan vegetarianların sayına görə birinci yerdədir. Əhalinin təxminən 40%-i vegetarian pəhrizi qəbul edib.
Aynil Camal