Erməni əsgərlər Fransada təlim keçir – Onlardan bu məqsədlə istifadə olunacaq

Erməni əsgərlər Fransada təlim keçir – Onlardan bu məqsədlə istifadə olunacaq

“Fransada təxminən yeddi mərkəzdə Ukrayna savaşında iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır”.

 

Bunu rusiyalı jurnalist Anastasiya Kaşevarova yazıb.

 

“Mənbələrimiz bizə həmin təlim mərkəzlərindən foto və video göndəriblər",- deyə Kaşevarova vurğulayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu iddia real görünmür:

 

“Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır. Rəsmi Paris hazırda Rusiyaya qarşı formalaşan cəbhədə yer alsa da, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox məcburiyyət kimi görünür. Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalı güclənir. Kaşevarovanın fikirlərini daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər. Xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspertləri tərəfindən belə mövqelərin sərgilənməsi intensivləşib”.

 

Ekspert bildirib ki, Paris-İrəvan anlaşmasına təkcə Ermənistanın silahlandırılması yox, erməni ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi və kadrların hazırlanması da daxildir:

 

“Burada əsas məqamlardan biri təlim düşərgələrində Qarabağdan olan “könüllü gənclərin” də iştirak etdiyi haqda məlumatdır. İstisna deyil ki, bu “könüllülər” Qarabağdan çıxarılan erməni silahlı dəstələrin və separatçıların silahlı qruplarının üzvləridir. Onların bir hissəsi Ermənistana qayıdandan sonra orduda xidmətə qəbul edilməyiblər. Mümkündür ki, Ermənistan onlardan xüsusi təlim keçmiş qruplar yaratmaq niyyətindədir. Fransada təlim keçən ermənilərin Ukraynada Rusiyaya qarşı döyüşməkdən daha çox, Azərbaycana qarşı mümkün hücumlara hazırlandığı ehtimalı güclüdür. Cənubi Qafqazda baş verənlər və Parisin planları da bu ehtimalı daha da artırır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR