Azərbaycan çempionatında II turun oyunları keçirilib - FOTO

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.
Sfera.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıblar. Bu qarşılaşmada da qalib üç setdə müəyyənləşib. Rəqibini "quru" hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb.
Turun daha bir qarşılaşması Gəncə şəhərində baş tutub. Gəncə Olimpiya İdman Kompleksində təşkil edilən oyunda “Gəncə” komandasının qonağı son ölkə çempionu “Azərreyl” olub. Günün iki matçında olduğu kimi, yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar.
Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə başçılıq edir. Xalı 6 olsa da, set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “Azərreyl” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tuturlar. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.
II tur
“Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” - “Azərreyl" 0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” - UNEC 3:0 (25:15, 25:10, 25:13)