“Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisi açılıb - FOTOLAR

“Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisi açılıb - FOTOLAR

Noyabrın 24-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Zəfər Gününə həsr edilmiş “Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisinin açılışı keçirilib.

 

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Azərbaycan gənclərinin Vətənə olan sevgilərini öz əsərləri ilə sübut etmələrinin sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, ictimai birliyin əsas məqsədi yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından tanıtmaqdır.

 

Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini yüksək qiymətləndirib, sərgi çərçivəsində peşəkar və həvəskar rəssamların bir araya gəlməsinin təqdirəlayiq olduğunu bildirib: “Ulu Öndər hər zaman rəssamlara xüsusi diqqət və qayğı göstərirdi. Onun özünün çəkdiyi rəsmlər hazırda Naxçıvanda dahi şəxsiyyətin adını daşıyan muzeydə qorunur. Bu gün təqdim olunan əsərlər həm də gələcək nəsillər üçün bir tarix, örnək və sənət səhifəsidir”.

Tədbirdə Xalq rəssamı Arif Hüseynovun Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif olunduğu da diqqətə çatdırılıb. Bu münasibətlə ictimai birliyin sənətkara təbrik məktubu oxunub.

 

Arif Hüseynov sərgidə iştirak edən hər bir müəllifin mövzuya fərqli yanaşmasından söz açıb. Bildirib ki, bu yanaşmaların fərqliliyi həm də rəssamlıq məktəbimizin zənginliyinin göstəricisidir.

Daha sonra bu ilin oktyabr ayında elan edilmiş rəsm müsabiqəsinin qalibi olan 13 müəllifə peşəkar, həvəskar, əbədi qardaşlıq, fərqlənmə kateqoriyaları üzrə diplom və mükafatlar təqdim olunub.

 

Peşəkar kateqoriyası üzrə qaliblər:

İsmayıl Hacıyev (I yer) – “Müzəffər Sərkərdə”

Lalə Hüseynzadə (II yer) – “44 günün zəfəri”

Rufanə Dünyamalıyeva (III yer) – “Şuşa xatirələri”

Həvəskar kateqoriyası üzrə qaliblər:

Sevinc  Ağaqızı (I yer) – “Zirvə”

Gülarə Salmanova (II yer) – “İstiqlal nəğməsi”

Əntiqə Rüstəmova (III yer) – “Zəfər zirvəsi”

“Əbədi qardaşlıq” nominasiyası üzrə xüsusi diplomla təltif:

Ceyhun Abdullayev – “Dostluq”

Fərqlənmə diplomu ilə təltif olunan iştirakçılar:

Kəmalə Musa  – “Zəfər Xalçaları”

Xədicə Mirəliyeva – “Tarixnamə”

Nilufər Həsənova  – “Şəhid İsabala Hüseynovun portreti”

Nigar Məmmədova  – “Qarabağlı qoca”

Əli Əliyev  – “Zəfər”

Surə Seyidova – “Qarabağ atları”

Sonda qonaqlar sərgi ilə tanış olublar. Noyabrın 25-dək davam edən sərgidə müəlliflərin ümumilikdə 70-ə yaxın əsəri yer alıb.

Qeyd edək ki, “Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarətdir. Layihənin təşkilati dəstəkləri Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi və “Lekal” MMC olub.  Layihədə 16 yaşdan yuxarı gənc rəssamlar iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR