CIA agentinin "vampir" TAKTİKASI: Edvard Lansdeyl filippinliləri necə dizə gətirdi?

CIA agentinin

Filippində 7 mindən çox ada var və bu adalar bir çox mədəniyyətə ev sahibliyi edir. Adalarla bağlı müxtəlif xalq inancları, miflər və əfsanələr mövcuddur. Bunlardan biri də qədim mifologiyalara əsaslanan “Asvanq” məxluqlarıdır. Vampirə oxşayan bu əfsanəvi məxluqdan 1950-ci illərdə xalqın rejimə qarşı üsyanlarını yatırmaq üçün istifadə edilib. Saxta vampir taktikası uğurlu olub.

 

Sfera.az iğtişaşları yatırtmaq üçün uydurulan və ictimaiyyətin beyninə yeridilən vampir taktikası ilə bağlı yazını təqdim edir:


"Asvanq" Filippində bəzi insanların hələ də inandığı vampirə bənzər xüsusiyyətlərə malik canlıdır.


Rəvayətə görə, qan, orqanlar, doğulmamış uşaqlar, bəlğəm kimi iyrənc şeylərlə qidalanır. Nəhəng donuz, it və hətta insan boyda cücə formaları ala bilən varlıqdır. Forması nə olursa olsun, "Asvanq" Filippində qəfil xəstəliklərin, müəmmalı ölümlərin və digər bədbəxtliklərin səbəbi kimi göstərilib.

 

1950-ci illərdə Filippində CIA agenti kommunist üsyançıları qorxutmaq üçün "Asvanq" xurafatından istifadə edib.

 

O, qətlə yetirilən şəxsin vampirin qurbanı olduğu görüntüsünü yaratmaq üçün qurbanın boynunu dişlək yeri kimi iki yerdən deşib, cəsədi ağacdan asıb və qanını axıdıb.Bu qətldən sonra camaat təşvişə düşüb.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin agenti əhali arasına sızaraq kəndlərdə gizli yaşamasını, saxta vampir effekti yaratmaq üçün nələr etdiyini gündəliyinə yazıb. Həqiqətən də, bir müddət sonra xalq bu qorxulu hadisələrə dözməyərək təslim olub.

 

“Vampir"in isə kim olduğuna öz sözləri ilə nəzər salaq...

 

Edvard Qari Lansdeyl ABŞ ordusunda çox məşhur general idi.

 


Amerika müharibəyə girəndə Lansdeyl orduya qoşuldu. Lansdeylin qabiliyyətlərinə bələd olduqdan sonra onu Strateji Xidmətlər Ofisinə işə götürdülər.

 

Lansdeyl düşməni pis göstərmək üçün təbliğat aparırdı. O, bu “psixoloji əməliyyatlar”a liderlik etmək üçün reklam təcrübəsindən istifadə etdi. İkinci Dünya Müharibəsi başa çatdıqda, ABŞ hökumətinin yeni bir düşməni məğlub etmək üçün Lansdeylin xüsusi bacarıqlarına ehtiyacı var idi. Onlar Sovet İttifaqını və Cənub-Şərqi Asiyada kommunist agentlərini məğlub etmək istəyirdilər.


Lansdeyl 1950-ci ildə Filippinə Prezident Ramon Maqsaysayın müşaviri kimi getdi. Onun tərcümeyi-halında CIA-də işləməsi qeyd olunmurdu. 


Hökumət qüvvələri Huk kimi tanınan kommunist üsyançılara qarşı uzun müddət idi ki müharibə aparırdılar. Huklar və liderləri Luis Taruc Filippinin təbii ehtiyatları üzərində "bərabər hüquqlar" verən 1946-cı il "Filippin Ticarət Qanunu"na görə qəzəbli iğtişaşlar törədirdilər.

 

 

Lansdeyl daha sonra məsələ ilə bağlı bunları demişdi: 

 

“Sifarişlərim aydın idi. Birləşmiş Ştatlar məndən Hukların bu hökuməti devirmək cəhdini dayandırmaq üçün hər cür yardım göstərməyimi xahiş etdi. Mənim köməyim əsasən lazım gələn və istənilən yerdə iştirak etməkdən ibarət idi. Bunu ən yaxşı şəkildə necə edəcəyimi anlamaq məndən asılı idi. Adi əsgərlər kimi düşmənə təslim olmağa çağıran broşürlər və ya nəşrlərdən istifadə etmək mənə absurd görünürdü. Mən nəsə fərqli bir şey etməliydim. Əvvəlcə "Asvanq"ın daha geniş potensiala malik olduğunu öyrəndim. Mən Huklara aid ərazilərdə yaşayan filippinli kəndlilərin xurafatlarını diqqətlə araşdırdım”.

 

Lansdeyl taktikalarından biri Huk nəzarətində olan ərazilərin üzərindən təyyarə ilə uçmaq və Huk əsgərlərinə yardım edən kəndlilərə taqaloq dilində "sirli lənətlər" yağdırmaq idi. Tezliklə bu taktikanın bəzi Huk bölmələrini təslim olmağa vadar etdiyi bildirilir.

 

CIA agenti xatirələrini yazdığı gündəliyində “Allahın gözü” adlandırdığı taktikadan da bəhs edirdi.


Onun agentləri kəndlilər arasında "Asvanq"ın Hukların düşərgə saldıqları təpəni təqib etdiyinə dair hekayələr yayırdılar:

 


"Bir neçə gündən sonra gizlicə Huk düşərgəsinə girdik. Hukların istifadə etdiyi cığır boyunca pusqu qurduq. Qaranlıq gecədə hərəkətlərimiz görünmürdü. Adamın boynunu vampir üslubunda iki deşiklə deşdik. Cəsədin dabanlarından tutub, bütün qanını çıxarıb, cəsədi ağacdan asdıq. Huklar itkin adamı axtarmaq üçün geri qayıtdıqda və adamı qan içində gördükdə, hamısı ölən şəxsi "Asvanq"ların ələ keçirdiyinə əmin oldular. Orada qalsalar, növbənin onlara çatacağına inanırdılar. Günəş çıxanda bütün Huk üzvləri artıq ərazidən köçmüşdülər. Həqiqətdə isə vampirlər yox idi. Biz onları sadəcə aldatmışdıq”.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR