\"Dinamo Kiyev\"in \"ölüm matçı\": Qələbənin əvəzini canları ilə ödəyən 11 döyüşçünün HEKAYƏSİ
Futbol dünyası maraqlı hadisələrlə zəngindir. Bəziləri güldürür, bəziləri isə adamın ürəyini sızıldadır. Belə hadisələrdən biri nasistlərlə bağlıdır.
Sfera.az “Dinamo Kiyev”in “ölüm matçı” haqqında həm maraqlı, həm də bir o qədər kədərli yazını oxucularının diqqətinə çatdırır.
"Kiyevdə futbolçuların abidəsi var. Ola bilsin ki, orada yaşayanların çoxu bu abidənin nə ilə bağlı olduğunu bilmir. Bəlkə də çox az insan bu barədə məlumatlıdır.
İkinci Dünya Müharibəsi illərində nasist ordusu sovet torpaqlarını zəbt edib, Kiyev küçələrində dolaşan zaman Kiyevin “Dinamo” komandası dağılır və futbolçular müxtəlif işlərlə məşğul olmağa başlayırlar. 1941-ci il futbol mövsümü də qısaldılır. 1942-ci ildə futbolla maraqlanan bir şəxs yeni komanda yaratmaq istəyir və Kiyev “Dinamo”sunun dağılmış heyətindən 8 futbolçunu bir araya gətirir. Digər 3 futbolçu "Dinamo Lokomotiv"dən tapılır. Ehtiyat üçün futbolçu isə tapılmır.
Komandaya “Start” adı verilir. “Start” şəhərdəki işğalçı qoşunlar ilə matçlar keçirməyə başlayır və onların hamısına müxtəlif hesablarla qalib gəlir. Təbii ki, o vaxt alman ordusunun bu məğlubiyyəti həzm etməsi mümkün deyildi...
Nəhayət, “Start” nasist ordusundan ibarət “Flakelf” komandası ilə qarşılaşır.
“Flakelf” o dövrlərin yenilməz komandasıdır. 6 avqust 1942-ci ildə “Start” heç vaxt məğlub olmayan komandanı 5-1 hesabı ilə məğlub edir. Alman rəsmiləri ordunun ruhdan düşməsindən və şəhərdə qiyam ehtimalından narahat olduğundan 3 gün sonra revanş oyunu keçirmək qərarına gəlirlər. “Start” bu dəfə matçda qalib gəlməməli idi. Matçdan əvvəl futbolçular bir neçə dəfə hədələnir. Onları əgər qalib gəlsələr, heyətin taleyinə “aydınlıq” gələcəyi ilə hədələyirlər. Matç günü meydanda sanki nasist işğalı baş verir. Tribunalar və meydança əsgərlərlə dolur. Hətta hakim də nasist zabiti seçilir. Matçdan əvvəl keçirilən mərasimdə Kiyev futbolçularından nasist salamı vermələri istənilsə də, futbolçular bunu etmirlər.
İlk hissə “Start”ın üstünlüyü ilə başa çatır. Nasist zabit paltardəyişmə otağına daxil olaraq futbolçulara son dəfə xəbərdarlıq edir: "Qalib gəlsəniz, nəticələrinə də, qatlanmaq məcburiyyətində qalacaqsınız"!
Matçda ikinci yarı başlayır və nəticə dəyişmir...
“Start” futbolçuları əvvəlki kimi oynamağa davam edirlər. “Flakelf” oyunçuları isə qaydalara riayət etmək bir yana, çox sərt qayda pozuntuları ilə rəqiblərinə hücum edirlər. Alman hakim bir dəfə də olsun fit çalmır. Hesab 5-3 “Start”ın xeyrinə olarkən “Start”ın futbolçusu Klimenko rəqib komandanın qapıçısı da daxil olmaqla, bütün alman müdafiəsini yararaq driblinq edir boş qapının qarşısına keçir, lakin topu tora göndərmir. Əvəzinə topu yarımmüdafiəyə doğru, düz meydançanın ortasına göndərir. Bu hərəkət almanları hesabdan daha çox qəzəbləndirir.
Bundan andan sonra 90 dəqiqə tamam olmasa da, hakim matçı bitirir. "Start"ın futbolçuları sonlarının ölümlə bitəcəyini bilə-bilə matçı qazanırlar.Nasist zabitinin “nəticələrinə qatlanacaqsınız” hədəsi reallaşır və futbolçular qələbənin əvəzini canları ilə ödəyirlər. Həmin gündən etibarən bu matç futbol tarixinə “Ölüm Matçı” kimi düşür.
Aynil Camal