Ermənistan Bakının sülh müqaviləsi layihəsinə niyə cavab vermir? - Açıqlama
Ermənistan iki aydır ki, rəsmi Bakının sülh müqaviləsi layihəsi ilə bağlı təklifinə cavab vermir. Bu barədə ölkə başçısı İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
“Bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”, deyə prezident söyləyib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan tərəfi bununla bağlı heç bir açıqlama verməyib və bu səssizlik iki səbəbdən qaynaqlana bilər:
“Bunlardan biri Qarabağda keçirilən anti-terror tədbirləri nəticəsində erməni separatizminin ləğv edilməsidir. Bakı-İrəvan xəttində sülh sazişinə dair məktublaşmada Ermənistan Qarabağdakı ermənilərlə bağlı məsələləri bu və ya digər formada təkliflərinə daxil edir, bundan kart kimi istifadə edirdi. 20 sentyabrda bundan məhrum oldular və görünür ki, Ermənistanın Azərbaycana qarşı istifadə edəcəyi kart qalmadığı üçün gözləmə mövqeyinə keçib. Digər səbəblərdən biri Qərb cəbhəsinin, xüsusilə Fransanın aktiv iştirakı ilə bölgədə siyasi mənzərəni dəyişmək istəyidir. Yəqin ki, İrəvana Bakıya cavab verməyə ehtiyacın olmadığı deyilir”.
Ekspert bildirib ki, Ermənistanın istəyi sülh danışıqlarının müəyyən qədər arxa plana keçməsi, danışıqlar prosesinin yeni şərtlərə uyğunlaşdırılmasıdır:
“Əsas diqətçəkən məqamlardan biri İlham Əliyevin Qarabağda anti-terror tədbirlərindən sonra ilk dəfə “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəyi” haqda danışmasıdır. Prezident bəyan etdi ki, “Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Bu baxımdan, Cənubi Qafqaz uğrunda kəskinləşən mübarizənin Azərbaycana qarşı sərhəd təxribatı ilə isti mərhələyə keçə biləcəyi ssenarisi gözləniləndir. Görünür, rəsmi Bakı da belə ssenarilərin mümkünlüyünü dəyərləndirir”.
Günay