“Dərsliklər o qədər çətindir ki, heç özümüz başa düşmürük...” – Kamran Əsədov
Son illər orta məktəblərdəki təhsilin yetərli olmadığı, proqramların heç bir lüzum olmadan ağırlaşdırılması geniş müzakirə olunur. Məktəblər təhsil ocağı olmaqdan çıxaraq, təhsilə mane olan quruma çevrilib. Bunun göstəricisidir ki, valideynlər müxtəlif yollarla övladlarını məktəblərdən yayındırır və onları repititorlara yönəldirlər.
Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə proqramın ağırlığı şagirdlərin əlavə yüklənməsinə səbəb olur:
“Hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç özümüz başa düşmürük, o ki qala uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Üstəlik, müəllimlərin şagirdləri sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər”.
Ekspert hesab edir ki, ibtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil:
“Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardadır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil. Bu 1 həftə ərzində I sinif kitablarını analiz etmişəm və gəldiyim qənaət budur; belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Kitablar Elm və Təhsil Nazirliyinin sifarişilə hazırlanır. Nəşriyyatları və dərslik müəlliflərini yığıb tender elan edilir. Hərə öz kitabını yazır. Hətta ən pis kitab tenderdən keçir. Nazirlik sadəcə seçir. Əslində, bütün dünyada olduğu kimi özlərinin dərslik mərkəzi olmalıdır. 2 aya yazılan dərslik əlbəttə keyfiyyətli olmayacaq”.
Ülkər Abduahmanlı