ABŞ-nin hərbi yardımı dayandırması Azərbaycana necə təsir edəcək? - Açıqlama
ABŞ Senatı “Ermənistanı Müdafiə Aktı”nı qəbul edib. Sənədə əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Bu qərar Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, ABŞ-nin Azərbaycana ayırdığı hərbi yardımın həcmi elə də çox deyil:
“Yəni, 2024-cü ilin dövlət büdcəsində Azərbaycanın Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu 3,77 milyard dollar deməkdir. Yəni Vaşinqtonun ölkəmizə ayırdığı yardım bizim ayırdığımız vəsaitin maksimum 1%-ni təşkil edib. Hətta elə illər olub ki, 0.03%-i qədər az olub. Odur ki, bunu itiriləcək maddi imkan kimi qiymətləndirməyə dəyməz”.
Ekspert bildirib ki, ABŞ-nin Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında başqa məqamlar gizlənir:
“Regionda vəziyyət dəyişdikcə ABŞ-nin Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Vaşinqton isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm”.
Günay