Sürücülük vəsiqəsi üçün hicab qadağası varmı? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə xanım sürücünün hicablı foto ilə sürücülük vəsiqəsi alması gündəm olub.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib, lakin hələ nəticə barədə məlumat verilməyib.
Bəs qanunda sürücülük vəsiqəsi üçün çəkilən fotoda hicab qadağası varmı?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Azərbaycan Respublikası Qanunvericiliyində bu barədə qadağa yoxdur:
“Fikrimcə, ümumiyyətlə, bu barədə qadağa olmamalıdır. Qanunda da konkret şəkildə rəsmi sənədlər üçün hicabla foto çəkilməsinə qadağa yoxdur. Sadəcə fotolar üçün müəyyən meyarlar təyin olunub. Mütləq fotoda şəxsin üzü aydın görünməlidir. Vəsiqədə hicablı fotonun olması bəzi ölkələrdə problem yarada bilər. Əgər həmin şəxs gedib Avropada avtomobil idarə etməyi düşünmürsə, rahatlıqla baş örtüyü ilə foto çəkdirə bilər”.
Firuzə Əliyeva