Azərbaycan neft və qazını neçəyə satır? - SON RƏQƏMLƏR
Azərbaycan 2023-cü ilin ilk 10 ayı ərzində 26,633 milyard dollar dəyərində neft, təbii qaz və neft məhsulları satıb.
Sfera.az xəbər verir ki, bu il neft və qaz ixracından gəlirimiz azalıb.
Bəs Azərbaycan neft, təbii qaz və neft məhsullarını xaricə neçəyə satır?
Açıqlanan rəsmi məlumatlara əsasən, bu ilin ilk 10 ayında neft satışından qazancımız 13,785 milyard dollar təşkil edib. Bu qədər gəliri əldə etmək üçün neftin bir tonunu orta hesabla 619 dollara satmışıq.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il satdığımız neft ucuzlaşıb. 2022-ci ildə neftin bir tonunu 757 dollardan ixrac etmişdik. Müqayisə göstərir ki, 2023-cü ildə neftin qiyməti 138 dollar enib.
Təbii qaz satışından da gəlirimiz azalıb. Bu il təbii qazın min kub metrini 536 dollardan satmışıq. Ötən illə müqayisədən görünür ki, qazın qiyməti 250 dollardan çox enib. 2022-ci ildə qazın satış qiyməti 797 dollar olmuşdu.
Azərbaycan neft koksu və neft bitumu da satır. Bu il neft koksunu 258 dollara, neft bitumunu 248 dollara satmışıq.
Ötən ildə isə neft koksunu 345 dollara, neft bitimunu 286 dollara ixrac etmişdik. Göründüyü kimi, hər iki məhsulun qiyməti azalıb.
Beləliklə, neftin dəyərinin düşməsi digər məhsulların da ucuzlaşmasına səbəb olub ki, bu da Azərbaycanın neft-qaz sektoru üzrə ixrac gəlirlərinə mənfi təsir edib.
2022-ci ilin ilk 10 ayında neft-qaz sektoru üzrə ixrac 32,3 milyard dollar olduğu halda, bu ilin eyni dövründə ixracın dəyəri 26,633 milyard dollara düşüb.
Vasif