"İmkan verin, uşaqlar tətildən səmərəli istifadə etsinlər" - Ekspertdən ÇAĞIRIŞ
Sabahdan 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.
Bəs şagirdlər bu müddətdən necə istifadə etməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, tətildə şagirdləri dərslə yükləmək lazım deyil:
“Tətil sözünün anlamını yazmıram, amma bildirmək istəyirəm ki, imkan verin uşaqlar tətildən səmərəli istifadə etsinlər. Şagirdə çoxlu material yükləmək lazım deyil. Fikrimcə, ev tapşırıqları ya ümumiyyətlə yığışdırılmalı, ya da ayda bir və ya iki dəfə verilməlidir. Rastlaşdığım bir məqam da çox utancverici və acınacaqlıdır. Bu, 2-ci sinif şagirdinin ev tapşırıqlarının həlli üçün repetitor yanına getməsidir”.
Ekspert bu mövzuda valideynləri günahlandırıb:
“Prosesdə bəzi valideynləri də günahkar qismində görürəm. Uşaqdan sanki beziblər. Evdə qalmasını istəmirlər. Halbuki, övladının onunla zaman keçirməyə daha çox ehtiyacı var, amma o, valideyn sevgisini, nəvazişini evində tapa bilmir”.
Firuzə Əliyeva