"Oğlanlar qız kimi oynayır, dodaq şişirir, əndam çıxarır, dövlət mənəviyyat polisi yaratmalıdır" - SƏRT AÇIQLAMA + VİDEO
Son zamanlar sosial şəbəkələrdə qızların oğlan kimi, oğlanların da qız kimi davrandığı, rəqs etdiyi görüntülər yayılır. Cənubi Azərbaycanda bu kimi durumların qarşısını almaq üçün marifləndirici videoçarxlar çəkilməyə başlanıb.
Azərbaycanda da durum fərqli deyil. Belə ki, sosial şəbəkələrdə, xüsusən də, “TikTok”un Azərbaycan seqmentində yeniyetmə və gənclərin paylaşdığı videolar, açdıqları canlı yayımlar vəziyyətin daha da acınacaqlı olduğunu göstərir.
Bəs bu kimi durumların qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, ölkəmizdə cinsi oriyentasiya dəyişikliyi aparılır:
“Bu məsələyə ilk etiraz edənlərdən biri elə mən olmuşam. Rejissoru olduğum “Dəli Kür” filmində hamının rəqs etdiyi meyxana səhnəsi var. Hazırda Azərbaycanda müxtəlif vasitələrlə ciddi cinsi oriyentasiya dəyişikliyi aparılır. Psixotrop maddələrin istifadəsi də bu vasitələrdən biridir. Eyni zamanda, işsizlikdən yaranan maddi ehtiyacların ödənilməsi üçün bunları edənlər var. Dünyanın bir çox ölkəsində cinsi oriyentasiya dəyişikliyi gedir, amma bu, Azərbaycan üçün xarakterik deyil. Məsələ çox ciddi şəkildə nəzarətə götürülməlidir”.
Xalq artisti qeyd edib ki, Azərbaycanda qızların oğlan kimi oynamasını ilk dəfə Əminə Dilbazi gətirib:
“Bizim rəqqasələrimiz vardı ki, bu gün də onların şəxsində qadınların gözəl rəqs hərəkətləri qorunub saxlanılır. Böyük baletmeyster Əlibaba Abdullayevin rəqslərinə baxanda adam heyrətə gəlir.
İlk dəfə qızların oğlan kimi oynaması Xalq artisti, baletmeyster Əminə Dilbazi ilə gəlib. O, “Çinar” rəqs ansamblı yaratmışdı və qızlar milli “Yallı” rəqsimizi fərqli şəkildə oynayırdılar. Qızlar hoppanır-düşür, müxtəlif idman hərəkətlərindən istifadə edirdilər. Axı biz bilirik, “Yallı”nın ölkəmizdə 60-dan çox növü var. Əminə xanımdan bu hərəkətlərin səbəbini soruşmuşdum. Demişdi ki, bu, bizim cəngavərlik tariximizdi və ənənəvi olmayacaq, sadəcə göstərmək istəyirik ki, qadınlarımız da kişi kimi rəqs edə bilir.
Bəs qadının kişi kimi olmasına nə ehtiyac var? Biz Allaha düzəliş edirik? Əslində Əminə xanım bunu məntiqlə edirdi, ancaq sonradan hamı başladı bu yolu getməyə. Artıq bunlar bizim cəmiyyətimizdə yayılıb. Oğlanlar estetik etdirirlər, dodaq şişirirlər, masaja gedib əndamını ortaya çıxarırlar və s. Allah qadını qadın, kişini də kişi yaradıb. Hər birinin missiyası da bəllidir. Cəmiyyətimizdə belə derqadasiyalarla məşğul olmaq qiyamətin əlamətidir”.
Ə.Mahmudbəyovun fikrincə, bu məsələlər ciddi şəkildə dövlət tərəfindən nəzarətə götürülməlidir:
“Bu problemin bir həlli yolu var. Konkret olaraq, dövlət səviyəsində bu işlə aidiyyatı olan dövlət strukturlarının obyektiv nəzarəti olmalıdır. Əgər dünənə kimi başını bağlayan bir müğənni bu gün soyunursa, yarılüt səhnəyə çıxır və millət buna əl çalıb toyuna aparırsa, televiziyalar onu reklam edirsə, eyni zamanda, heç kim də qarşı çıxmırsa, deməli biz hamımız bu əxlaqsızlığa şərikik. Əvvəl ictimai qınaq, ağsaqqal, ağbirçək, dövlətin senzurası var idi. İndi deyirlər ki, senzura söz azadlığımızı əlimizdən alır. Necə yəni? Ölünü özbaşına qoysan, şıllaq atıb kəfən cırar. Müxtəlif əqidəli, ailə tərbiyəsi görmüş, bioloji strukturda formalaşan minlərlə insan öz bildiyini etsə, dərəbəylik olar. Qərəzli, nəfsi çirkli, rüşvətə dadanan məmurlardan yox, mənəviyyatı göz qabağında olan, tanınan, etimad göstərilən şəxslərdən ciddi qınaq təşkilatı yaratmaq lazımdır. Hətta mən demişdim ki, mənəviyyat polisi yaradılmalıdır.
Bu hələ başlanğıcdır. Əgər indi qarşısını ala bilməsək, sonra öhdəsindən gələ bilməyəcəyik. Bunlar dinimiziə, imanımıza, əxlaqımıza, mənəviyyatımıza, gələcəyimizə qarşı təşkil olunan ən böyük xəyanətdir. Bu erməni xəyanətindən də dəhşətlidir. Buna görə də kütləvi informasiya vasitələri səfərbər olmalıdırlar. O yerdə ki, söhbət millətin mənəviyyatından, soyundan, kökündən, gələcəyindən gedir, burada gərək hamı səfərbər olsun. Ad çəkməklə, konkret ifşa etməklə bu işin qarşısı alınmalıdır”.
Firuzə Əliyeva