Çin liderinin ABŞ səfərindən gözləntilər - Baydenlə razılığa gələcəkmi?
Çin lideri Si Cinpin 6 illik fasilədən sonra ilk dəfə ABŞ-yə səfər edib. Onun San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu görüş Vaşinqton üçün çox əhəmiyyətlidir:
“Əsas məqsədlərdən biri kəsilmiş əlaqəni bərpa etməkdir. Digər məqsəd Çini “strateji sabitlik” üzrə danışıqlara cəlb etmək və Pekinin nüvə raket arsenalını bir qədər məhdudlaşdırmağa razı salmaqdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda ABŞ-də təxminən 3700, Rusiyada 4500, Çində isə cəmi 410 nüvə başlığı var. Amma Çinin nə qədər nüvə başlığına malik olduğunu yalnız özü bilir. Si Cinpinin Baydenlə görüşü dünya hadisəsinə çevriləcək və uzun müddət “tarixi mərhələ” kimi təbliğ ediləcək. Görüş baş tutmasa, zirvə diqqətdən kənarda qalan toplantıya çevriləcək”.
Ekspert Çinin də mümkün görüşdən gözləntilərini açıqlayıb:
“Çin liderinin əsas istəklərindən biri ABŞ-nin tətbiq etdiyi texnoloji blokadanın aradan qaldırılması və ya zəiflədilməsi üçün real addımların atılmasıdır. Eyni zamanda Pekin Vaşinqtondan yanvar ayında Tayvanda keçiriləcək seçkilərə qarışmamaq öhdəliyi tələb edəcək. Bir sözlə, Pekin Vaşinqtonla münasibətdə güclü mövqeyə malikdir və o, aşkar şəkildə vəziyyətdən maksimum yararlanmağa çalışır. Si San-Fransiskoda Baydenlə görüşə gedirsə, bu, ABŞ-nin mövqelərinin getdikcə zəiflədiyini göstərir”.
Günay