NATO ilə Rusiya arasında müharibə qaçılmaz olacaq - ŞƏRH

NATO ilə Rusiya arasında müharibə qaçılmaz olacaq - ŞƏRH

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır.

 

Qeyd olunub ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, NATO ilə Rusiya arasında rəqabət çoxdan başlayıb:

 

“Hələ Ukraynadakı müharibənin ilk günündən etibarən Alyansla Kreml arasında rəqabət başlamışdı. Əslində Ukraynadakı müharibənin səbəbi də məhz NATO-nun qıcıqlandırıcı addımları idi. Əlbəttə, Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasına razı ola bilməzdi. Odur ki, Ukraynaya hücum etdi. Yəni tərəflər – iki böyük güc  arasında müharibə əslində çoxdan başlayıb. Amma bu, hələ ki, proksi xarakter daşıyır”.

 

Müsahibimiz bildirib ki, NATO Ukrayna vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır və hələki savaşa birbaşa qoşulmur:

 

“Amma bu, daimi davam edə bilməz. Hazırda dünyada çox ciddi geosiyasi proseslər gedir. Böyük güclər maraqları naminə təsir göstərə bildikləri oyunçuları qurban verməyə hazırdırlar. Bir müddətdən isə həmin böyük güclər özləri qarşı-qarşıya gəlməli olacaqlar. Bu mənada gələcəkdə Alyansla Rusiya arasında toqquşmanın başlanması tamamilə realdır. Rusiyanın bu ssenariyə hazırlaşması isə heç də təəccüblü deyil. Sözsüz ki, Alyans da açıq və gizli şəkildə belə bir ssenariyə hazırlaşır. NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma getdikcə daha real təhlükəyə çevrilir. Bir azdan sonra bu, qaçılmaz olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR