“Prezident seçilsəm, Putinlə razılaşacam” - Baydenin rəqibindən AÇIQLAMA

“Prezident seçilsəm, Putinlə razılaşacam” - Baydenin rəqibindən AÇIQLAMA

“ABŞ-də prezidentliyə namizədlər arasında Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi davam edir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif açıqlamalar verilir:

 

“Məsələn, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə çalışan hind əsilli Vivek Ramasvami “ABC” televiziya kanalına müsahibəsində deyib ki, Vaşinqton Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər olunmalıdır. Ramasvami eyni zamanda Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir. O hesab edir ki, Ukrayna ABŞ üçün xarici siyasət prioriteti olmamalıdır. Namizədin fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin və Rusiya-Çin ittifaqıdır. Vivek Ramasvami “Sky News” televiziya kanalına müsahibəsində isə deyib ki, o, prezident seçilərsə, Vladimir Putinlə razılaşacaq. Onun fikrincə, Vaşinqton Ukraynanın NATO üzvlüyünü dəstəkləməsə, Kreml Ukraynaya qarşı müharibəni dayandıracaq”.

 

Ekspert bildirib ki, prezidentliyə iddialı olan namizəd Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya güzəştə gedilməsi fikrinin tərəfdarıdır:

 

“Onun açıqlamalarından belə çıxır ki, Putinlə münasibətləri normallaşdırmaqla bütün gücü Çinlə mübarizəyə yönəltmək lazımdır. Ancaq Rusiya ABŞ-lə yaxınlaşmaq üçün Çinlə münasibətlərin gərginləşməsinə getməz.  Vaşinqton 1970-ci illərin ortalarında SSRİ və Çinlə mübarizədə ikinci ilə münasibətlərin normallaşmasına üstünlük verdi, bu dəfə isə tərsinə, Rusiya ilə dostlaşıb Çinlə mübarizənin vacibliyi bildirilir. Vaşinqtonun Çinlə dostluğu uzun çəkmədiyi kimi Rusiya ilə dostluq ideyasının reallaşması da problematikdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR