ÜDM istehsalı və büdcənin artımı neft qiymətlərindən asılı olacaq - MÜQAYİSƏ
Azərbaycanda qarşıdakı illərdə ümumi daxili məhsul (ÜDM) istehsalının və büdcə gəlirlərinin artırılması neft-qaz sektorundan daha çox asılı olacaq. Xam neftin qiyməti ÜDM istehsalının həm nominal, həm də real dəyərindəki artım sürətinə, həm də büdcə gəlirlərinə birbaşa təsir göstərəcək.
Sfera.az makroiqtisadi proqnozlara əsasən xəbər verir ki, əgər neftin ortaillik qiyməti gələn il 80 dollar olarsa, ÜDM istehsalında 3,3 faizlik real artım olacaq. Neftin ortaillik qiyməti 60 dollar olduqda ÜDM-in real artımı 2,4 faiz təşkil edəcək, amma qiymət 40 dollara düşərsə, ÜDM real olaraq 0,1 faiz kiçiləcək.
Neftin qiyməti ÜDM-in nominal dəyərinə də ciddi təsir edəcək. Proqnozlara əsasən, ÜDM-in dəyərinin formalaşmasında təsir baxımından neftin qiymətinin 40 dollar olması ilə 80 dollar olması arasında ciddi fərq olacaq. Əgər neftin qiyməti 40 dollar olarsa, ÜDM-in dəyəri 103 milyard manat, 60 dollar olarsa, 118,4 milyard manat, 80 dollar olsarsa, 129 milyard manat təşkil edəcək.
Maraqlıdır ki, neftin qiymətinin səviyyəsi qeyri neft-qaz sahələrində də iqtisadi artıma təsir gücünə malikdir. Qeyri neft-qaz sahələrində real artım 2024-cü ildə neftin qiyməti 60 dollar olarsa, 4,6 faiz, 80 dollar olarsa, 5,8 faiz, 40 dollar olarsa, 0,7 faiz olacaq.
Neft-qaz sektoru, burada istehsalın səviyyəsi və qiymətlər ÜDM istehsalı ilə yanaşı dövlət büdcəsinə də ciddi təsir edir. Bu sektorun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisi hələ də yüksəkdir. Buna görə də neft-qaz qiymətlərinin aşağı düşməsi və hasilatın azalmasının yaratdığı risklərin hər zaman nəzərə alınması vacibdir.
Proqnozlara əsasən, gələn il büdcənin neft-qaz sektorundan maksimum gəliri neftin orta qiyməti 40 dollar olarsa, 15,9 milyard manat, 60 dollar olarsa, 16,76 milyard manata, 70 dollar olarsa, 17,2 milyard manat, 80 dollar olarsa, 17,6 milyard manat olacaq. Müqayisə göstərir ki, neftin qiymətinin 60 dollardan 20 dollar çox olması büdcənin neft-qaz sektorundan əldə edəcəyi maksimum gəliri 846 milyon manat artıracaq.
Bu müqayisələr neft və qaz qiymətlərinin ÜDM və dövlət büdcəsində əhəmiyyətini göstərir. Neftin qiymətinin əhəmiyyətini artıran digər amil həm də neft hasilatının azalmasıdır. 2027-ci ilə qədər Azərbaycanda neft və qaz hasilatının 2023-cü illə müqayisədə azalması baş verəcək. Neft hasilatında baş verəcək azalmanın güclü təsirlərinin hiss edilməməsi üçün neftin qiymətinin yüksək olması vacibdir. Buna görə də gələcək illərdə Azərbaycan üçün neftin qiymətinin səviyyəsi daha böyük olacaq.
Vasif