Bu ərazilərdən mənzil alanlar daha çox qazanır – Əmlak ekspertindən MƏSLƏHƏT
“Ucqarlarda yerləşən əmlaklara yatırım etmək daha əlverişlidir”.
Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, mərkəzdə yerləşən əmlakların satış qiymətləri baha olsa da, onlarda qiymət artımı cüzi, alıcı qüvvəsi isə daha az olur:
“Ümumiyyətlə, Azərbaycanda əmlak alıcıları bir neçə kateqoriyaya bölünür. Bunlardan biri də yatırım üçün ev alanlardır. Həmin şəxslərin də bir qismi büdcəsinə uyğun əmlak alıb kirayə verir, digərləri ən bahalı binalardan ən bahalı əmlakları yatırım üçün alır. Lakin təcrübəyə əsasən, bahalı əmlakların aylıq kirayə qiymətləri onun dəyərinin maksimum 0,2 - 0,3 faizi edir. Mərkəzdən nisbətən kənarda, lakin infrastrukturu normal olan ərazilərdə mənzillərin satış qiymətləri daha ucuz olsa da, onların kapitallaşması sürətlidir”.
Ekspert əmlak bazarının reallıqlarını aşağıdakə kimi şərh edib:
“Məsələn, 3 il əvvəl mərkəzdə yeni tikili binanın 1 kvadrat metri təqribən 2500 manat olubsa, hazırda bu rəqəm maksimum 3000 manatdır. Lakin kənar ərazilərdə yeni tikili binadakı mənzilin 1 kvadrat metri 700 manat idisə, indi bu rəqəm 1200 manat təşkil edir. Kənar, lakin perespektivli ərazilərdə mənzillərin həm satışları daha surətli olur, həm də aylıq kirayə qiymətləri həmin əmlakların satış qiymətlərinin 0,5 faizini təşkil edir. Ona görə də yatırım üçün əmlak alarkən mərkəzdən nisbətən kənar, lakin alıcı qüvvəsi geniş olan ərazilərə müraciət etmək uyğun və risksizdir. Təbii ki, əmlak sənədlərinin qaydasında olması şərtdir”.
Günay