Blinken Türkiyədə soyuq qarşılandı – 2,5 saatlıq görüşdən geriyə qalanlar...
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında Ankarada keçirilən görüş 2,5 saat davam edib. Görüşdən görüntülər isə dünya mediası və sosial şəbəkələrdə geniş müzakirə obyekti olub.
Sfera.az bildirir ki, Türkiyənin amerikalı diplomata soyuq davranıldığı vurğulanıb. O, Ankarada konvensiyaya zidd olaraq, Xarici İşlər naziri və yüksək rütbəli türk məmuru olmadan qarşılanıb. Həmçinin, Hakan Fidan onu qucaqlamaq istəyən Blinkenin qarşısını alıb, bədənini sola çevirərək, sadəcə, əl sıxışıb.
“Əl-Cəzirə” amerikalı diplomatın prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də rədd edildiyini yazıb. “Blinkenin əsas missiyası İsrailə daha çox vaxt qazandırmaq idi. Türklər bunu bilirdilər, ona görə də diplomatı soyuq qarşıladılar”, deyə nəşr qeyd edib.
Həmçinin, Türkiyə Nazirliyinin ofisində Qüdsdəki Məscidül-Əqsanı simvolizə edən fiqurlar və ay-ulduzun görünməsi diqqət çəkib. “Bu görüntülər İsrailin vəhşiliklərinə məhəl qoymayan bütün dünyaya mesaj oldu. Türkiyənin Fələstin xalqının yanında olduğu çatdırdı”, deyə “Sabah” nəşri yazıb.
Qeyd edək ki, Hakan Fidanla məhsuldar görüş keçirdiklərini bildirən Blinken Qəzzaya yardım və sülh səylərini müzakirə etdiklərini bildirib.
Günay