Azərbaycanda ən çox baxılan Türkiyə telekanallarıdır - Reytinq NƏTİCƏLƏRİ

Azərbaycanda ən çox baxılan Türkiyə telekanallarıdır - Reytinq NƏTİCƏLƏRİ

Bu gün – 6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür. 

 

Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, uzun müddətdir, dünyada, o cümlədən ölkəmizdə TV məkanında auditoriyanı qorumaq və artırmaq xeyli çətinləşib:


“TV məkanımızda reklam bazarı qonşu ölkələrlə müqayisədə xeyli məhduddur. Böyük pullar yoxdur. Bəzən görürük ki, hətta dövlət özəl TV-lərə yardım edir.Dövlət TV-ləri üçün auditoriya qazanmaq lap çətindir. Hökumət Azərbaycanın TV reklam bazarında qayda-qanun, şəffaf mühit yaratmaq üçün müəyyən müsbət addımlar atıb, reytinq ölçən əvvəlki şirkətləri bazardan çıxardıb, qlobalda xüsusi çəkisi olan KANTAR şirkətini dəvət etməklə TV reytinqləri ölçən MARSA şirkətini formalaşdırıb. Qurum təxminən 1000 evə reytinq ölçən "peoplemetr"lər paylayıb hansı kanallara və verilişlərə baxılması ilə bağlı data toplayır.Hələlik isə bu qurum gözləntiləri doğrultmayıb, hesabatlı və şəffaf deyil, heç TV-lər də onun nəticələrini birmənalı qarşılamırlar, qurum hətta qeyri-kommersiya xarakterli məlumatları açıqlamaqda , maraqlı tərəflərlə ictimai müzakirələr təşkil etməkdə maraqlı deyil.Belə olan təqdirdə hökumətin dəstəyi ilə yaradılan bu şirkətin özünün statusu ilə bağlı suallar ortaya çıxır”.

 

Ekspert ölkəmizdəki TV reytinqlərindən danışarkən qeyd edib ki, ən çox baxılan Türkiyə telekanallarıdır:

 

“MARSA-nın son TV reytinqlərini analiz edəndə TV-lərin təxmini belə bir ortalama reytinq sıralanması alınır :

 

Türk kanalları
Xəzər TV
ARB TV
ATV
ARB 24
AzTV
Space TV
ARB Günəş
İTV
MusTV
CBC Sport
Kanal S
Rus kanalları
İdman
Real TV
Mədəniyyət TV

 

Reytinqdən də görsənir ki, ənənəvi TV-lər yüksək pillədə deyil”.

 


Gün münasibətilə teleradio əməkdaşlarını təbrik edən  O.Gündüz onlara uğurlar arzulayıb:

 

“Xeyli müddətdir ki, AzTV-də Bədii Şura üzvüyəm. Və bilirəm ki, maraqlı, baxımlı, dəyərləri qorumaqla ciddi kontent hazırlamaq və auditoriyanı saxlamaq və reklamlar əldə etmək çox çətindir.Dərhal qeyd edim ki, dövlət televiziyası olmaq və bəlli standartları qorumaq baxımından AzTV-nin adətən 4-5-ci yerlərləri bölüşdürməsi diqqət cəlb edəndir. AzTV-də aparılan ciddi işlərlə yaxından tanışam, bilirəm ki, məlum çərçivələri gözləməklə mövqeləri qoruyub saxlamaq asan başa gəlmir. Teleradio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirəm və informasiya məkanında gedən ciddi mübarizə şəraitində onlara uğurlar arzulayıram”.

 

Qeyd edək ki, ölkəmizdə 1926-cı ildə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR