Şuşaya gedən sürücülər nəyə diqqət etməlidirlər? – Ekspertdən MƏSLƏHƏTLƏR

Şuşaya gedən sürücülər nəyə diqqət etməlidirlər? – Ekspertdən MƏSLƏHƏTLƏR

Ötən gün Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qəzanın sərt eniş-yoxuşlu yol sahəsində baş verdiyini təxmin edib:

 

“Azad edilən ərazilərimizdə belə yollar çoxdur: Zəfər yolu, Murov yolu, Kəlbəcər-Laçın yolu, Minkənd-İstisu yolu, rayonlarımızın ərazilərindəki onlarla digər yollar bu kateqoriyaya aiddir. Həmin yollar sürücülərdən yüksək peşəkarlıq tələb edir. Sürücülər ilk növbədə avtomobillərinin texniki vəziyyətinə, xüsusən tormoz sisteminə, təkərlərinə, sükan mexanizminə çox diqqətlə yanaşmalıdırlar. Yolda hərəkət vaxtı sərt enişdə iş tormozundan istifadə etmədən, mühərriklə tormozlamadan və başqa yardımçı funksiyalardan istifadə etməlidirlər. Enişlərdə sürətə çox diqqətli yanaşmalıdırlar, şəraitə uyğun olmayan sürətdə heç bir müasir funksiya sürücüyə kömək edə bilməz”.

 

Ekspert bildirib ki, yol şəraitinə xüsusi diqqət yetirmək vacibdir:

 

“Dağlarımızda ilin istənilən vaxtı, xüsusən də bu vaxtlar, duman, çiskin, yağıntı ola bilər. Bir azdan qar-buz da olacaq. Bundan əlavə, ərazilərdə tikinti getdiyindən asfalt örtüyü olan yolların da çox yerində yola səpələnmiş torpaq, qum, tikinti texnikasının təkərlərindən bulaşmış palçıq var. Belə asfalt azca yaş olanda çox ciddi sürüşmə effekti yaradır. Sürücülər bütün bunları hər zaman nəzərə almalıdırlar.  Azad edilən ərazilərdə çalışan təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə çox ciddi yanaşmalıdırlar. Bu işdə laqeydlik çox baha başa gəlir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR