Uzunmüddətli əmanətlərə maraq artacaq – Vergi Məcəlləsi dəyişdirilir
Azərbaycanda gələn ildən bəzi əmanətlər üzrə əldə edilən faiz gəlirlərindən vergi tutulmayacaq. Bununla bağlı məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında verib.
N.İmanov deyib ki, Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq. Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir. N.İmanov vurğulayıb ki, əmanətlərə vergi güzəştləri milli valyutadakı depozitlərə veriləcək.(Report)
Sfera.az xəbər verir ki, Vergi Məcəlləsinə belə bir dəyişikliyin edilməsi təklifi böyük ehtimalla Azərbaycan Mərkəzi Bankından gəlib. Mərkəzi Bankın belə bir təkliflə çıxış etməsi təsadüfi deyil. Çünki son illərdə əmanətlərin həcmi artsa da onların tərkibində uzunmüddətli əmanətlərin payı artmır, əksinə azalır. 2023-cü ilin fevralından faiz gəlirlərinə 10 faizlik verginin tətbiqindən sonra isə uzunmüddətli əmanətlərə maraq bir qədər də azalıb. Bunu statistika da göstərir. 2021-ci ilin sonunda 2,33 milyard manat uzunmüddətli, yəni 1 ildən artıq müddətə qoyulan əmanət var idi. Həmin dövrdə uzunmüddətli əmanətlərin cəmi əmanətlərdə payı 25,2 faiz təşkil edirdi. 2022-ci ilin sonunda uzunmüddətli əmanətlərin payı 22 faizə, 2023-cü ilin oktyabrın 1-də isə 20,9 faizə enib. Buradan məlum olur ki, son illərdə əmanətlərin həcmi əsasən qısa müddətə qoyulan əmanətlər hesabına və cari hesablarda yığılan vəsaitlərin sayəsində artır. Uzunmüddətli əmanətlərin payının azalması bankların davranışlarına da mənfi təsir edir. Əmanətlər qısa müddətə qoyulanda banklar daha uzun müddətə kredit verməkdən ehtiyat edir, daha çox qısa müddətə kredit ayırır. Vergi Məcəlləsinə yeni dəyişiklik əmanətçilərə banklara əmanətləri uzun müddətə yerləşdirməyə həvəsləndirəcək. Uzun müddətə qoyulan əmanətlər üzrə faiz gəlirləri vergidən azad ediləcəyindən daha çox insan bu əmanətlərə maraq göstərəcək.
Vasif