“İranın və İsrailin ölkəmizdəki səfirlərinə xəbərdarlıq edilməlidir, onlar sosial şəbəkələrdə...” - ETİRAZ
“İranın və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq edilməlidir”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, sözügedən səfirliklər ölkəmizi mübahisə poliqonuna çevirməyə cəhdlər edir:
“Adıçəkilən ölkələrin səfirləri sosial şəbəkələr üzərindən söz atışmasına çıxıblar və bu, ilk belə hal deyil. İndi isə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq, görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibəylə bağlı başqa ölkənin səfirini hədələməməlidir. Bu, həmin səfirin çalışdığı ölkəyə hörmətsizliyidir. Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər”.
Ekspert bildirib ki, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, onları bu arzuolunmaz “dialoqa” son qoymağa dəvət etmək lazımdır:
“Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar?” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkələrdə İsrailin Azərbaycandakı səfiri Corc Dikin ünvanına bunları yazıb:
“İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır. Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”.
İsrail səfiri Corc Dik isə bu statusa cavab olaraq “Pulsuz məsləhətimi qəbul edin. Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”, deyə qeyd edib.
Günay