"İlham Əliyev İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb" - Millət vəkili

”Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər".

 

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlara maddi-mədəni irsimiz” kitabının təqdimatı ilə bağlı konfransda deyib:


"Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək alqışa layiqdir, çünki Birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. Lakin İlham Əliyev tarixə torpaq qaytaran Zəfər Komandanı kimi düşdü. Ona görə də prezidentin dediyi:”..kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər” sözləri məğlubiyyəti və güzəşti deyil, qələbəni hədəf seçən səfərbərlik şüarıdır.


Konfransın gündəliyi Münxen zirvəsinin sərlövhəsinə, ”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adına uyğun seçilib, halbuki, Qərbin Qafqaz dağlarına 100 il əvvəl və indi niyə gəldiyini yaxşı bilirik, lakin ölkə rəhbəri Göyçə və Zəngəzuru hərbi yolla tutmağa çağırmır. Cənubi Qafqazın düşmənçilikdən xilası, birlikdə kommunikasiya, infrastruktur, iqtisadiyyat, ticarət və gələcək quruculuğu erməni-azərbaycanlı düşmənçiliyinə son qoyar. Bu gün ABŞ-də 500 min, Fransada 600 min, İranda 200 min, Livanda 150 min, Suriyada 100 min, Rusiyada 2,5 milyon erməni toplumu yaşadıqları cəmiyyətlərə necə inteqrasiya ediblərsə, Azərbaycanla da sülh, sabitlik, təhlükəsizlik şəraitində yaşaya bilərlər.  

 

Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması mühüm mədəni, hüquqi və siyasi hadisədir. Təşkilatın 100 minlərlə insanı təşkilandırması, tarixi yaddaşı oyatması və keçmişlə rabitə qurması, dövlətimizin beynəlxalq mənafelərini qoruması doğma torpaqlara dönüşü yaxınlaşdırır. Yüzilliklər ötdükcə maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin yaşadığı torpağa mənsubluğunu göstərən pasporta, kadastr aktına çevrilir. Beləliklə, İrəvan, Göyçə, Zəngəzur milli ideyaya çevrilir. Tarixi yaddaş bərpa olunur. İlham Əliyevin 2020-ci ildə Akstafada “bunu pozun və Qarakilsə yazın” sözlərini xatırlasaq, prezident “öz xəritəsi”ni yaratdı və dünyaya qəbul etdirdi".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR