Azərbaycanın neft qiymətlərindən asılılığı artır – SƏBƏB

Azərbaycanın neft qiymətlərindən asılılığı artır – SƏBƏB

Gələn il neftin qiymətinin Azərbaycan üçün əhəmiyyəti böyük olacaq. “Qara qızıl”ın qiymət səviyyəsi dövlət büdcəsinin gəlir və xərclərinin formalaşmasına güclü təsir edəcək.  


Sfera.az xəbər verir ki, neft hasilatının azalması ilə əlaqədar Azərbaycanın neftdən əldə edəcəyi gəlirlər xeyli azalacaq. 


Buna görə də ölkəmizdə neft hasilatını həyata keçirən beynəlxalq əməliyyat şirkətləri tərəfindən Azərbaycanın dövlət büdcəsinə ödənilən mənfəət vergisi də kəskin şəkildə azalacaq. 


Maliyyə Nazirliyinin məlumatına görə, gələn il neft sektorundan vergi gəlirləri 1,975 milyard manat olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 2,027 milyard manat və ya 2 dəfə azdır. 


Neft sektorundan vergi gəlirlərinin azalması Azərbaycan hökumətini məcbur edəcək ki, gələn il Dövlət Neft Fondundan transferti artırsın. 2024-cü ildə Neft Fondundan 2023-cü illə müqayisədə 1,04 milyard manat çox vəsaitin götürülməsi proqnozlaşdırılır. 


Neft Fondundan başqa Dövlət Neft Şirkətinin (SOCAR) vergi ödənişləri də artırılacaq. SOCAR-ın ödəyəcəyi vergilərin 208 milyon manat artırılması nəzərdə tutulub. 
Sadalananlardan başqa qeyri neft-qaz sektoru üzrə vergi gəlirlərinin artırılmasına nail olunacaq. Proqnoza əsasən, gələn il qeyri neft-qaz sektoru üzrə vergi yığımları 1 milyard manatdan bir qədər çox artırılacaq.


Qeyd edilən mənbələr üzrə mədaxilin artması hesabına neft-qaz sektorundan vergi gəlirlərində azalma kompensasiya ediləcək. 


Lakin azalma kompensasiya edilsə də büdcə gəlirlərində ciddi artım baş verməyəcək. Bu səbəbdən hökumət büdcə xərclərinə ehtiyatla yanaşacaq və vəziyyət proqnozlaşdırılan kimi olarsa, bəzi cari xərclərdə, o cümlədən əməkhaqqı xərclərində artım olmayacaq. 


Vəziyyətin proqnozlaşdırılandan daha yaxşı olması mümkündür. Bunun üçün neftin qiyməti proqnoz qiymətdən yüksək olmalıdır.  


Qeyd edək ki, büdcənin neft-qaz sektoru üzrə gəlirləri neftin qiymətinin 60 dollar olması şərti daxilində hesablanıb. Əgər neftin qiyməti daha yüksək olarsa, neft-qaz sektoru üzrə vergi gəlirlərindəki 2,03 milyard manatlıq azalma kiçiləcək. Məsələn, neftin qiyməti 60 dollar yox, 70 dollar olarsa, neft-qaz sektoru üzrə vergi gəlirlərində azalma 1,6 milyard manat, 80 dollar olarsa, 1,18 milyard manat təşkil edəcək. 


Əksər beynəlxalq maliyyə təşkilatlarının proqnozuna əsasən, 2024-cü ildə Azərbaycanın ixrac etdiyi neftin ortaillik qiymətinin 80 dollar olması realdır. Qiymətlər bu səviyyəyə yüksələrsə, dövlət büdcəsində xərclərə yenidən baxılması, əməkhaqqı artımlarına gedilməsi mümkün olacaq.


Bu baxımdan 2024-cü ildə neftin qiymətinin proqnoz qiymətdən mümkün qədər yüksək olması Azərbaycanın dövlət büdcəsi üçün çox böyük əhəmiyyət kəsb edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR