Azərbaycanda şəkər yenidən bahalaşa bilər – SƏBƏB

Azərbaycanda şəkər yenidən bahalaşa bilər – SƏBƏB

Dünyanın ən böyük şəkər ticarəti şirkətlərindən biri olan Braziliyanın “Alvean” şirkəti 2010-2011-ci illərdə müşahidə edilən yüksək qiymətlərin yenidən təkrarlanacağına dair xəbərdarlıq edib. 


Sfera.az xatırladır ki, 2010-2011-ci illərdə şəkər qiymətləri 30 ilin ən yüksək səviyyəsinə qalxmışdı. “Alvean” şirkəti qiymətlərdə yenidən oxşar vəziyyətin yaranacağını proqnozlaşdırır.


“Alvean” Braziliyada iri şəkər istehsalçısı olan “Copersucar SA” tərəfindən idarə olunur. 


Ticarət şirkətinin baş direktoru Mauro Angelo “Bloomberg”ə açıqlamasında deyib ki, mövcud şərtlər 2010-2011-ci illərin vəziyyətinə oxşardır.

 

Onun sözlərinə görə şəkər bazarında təklifin altıncı il az olması realdır:

 

“Biz altıncı defisit dövrünün şahidi olacağıq. Çünki Hindistanda istehsal azalır və bu, qlobal şəkər ehtiyatları üçün pis perspektiv vəd edir. Hindistanda yağıntıların miqdarı mənfi olub, su ehtiyatları son dərəcə aşağıdır, ona görə də növbəti məhsul indiki məhsuldan daha az ola bilər". 


Angelo bildirib ki, istehsalın azalmasına görə Hindistan yeni başlayan mövsümdə şəkər ixracını dayandıracaq və idxalçılar Brazilyaya üz tutacaq. Baş direktor ağır vəziyyətdə Braziliyadan məhsul ixracının vaxtında həyata keçirilməsinin çətin olacağını da vurğulayıb: “Yeni mövsümdə bazarlar Braziliyadan asılı olacaq. Braziliya limanlarında ciddi gərginlik var. Tələb böyük olduğundan şəkər artıq limanlarında saxlanılır. Digər tərəfdən soya və qarğıdalı bitkilərinə də tələb artdığından limanlarda yükləməni vaxtında icra etmək problemi var. Eyni zamanda, son günlər yağan leysan yağışlar gəmilərin yüklənmə üçün gözləmə müddətini artırır”.


Qeyd edək ki, Azərbaycan da şəkərə olan tələbatının böyük hissəsini idxal məhsulu hesabına ödəyir. İdxal etdiyimiz şəkər əsasən Braziliyadan alınır. 


Azərbaycan bu ilin yanvar-avqust ayları ərzində 22,33 min ton şəkər alıb. Xaricdən aldığımız şəkərə görə 16,6 milyon dollar və ya hər ton üçün orta hesabla 743 dollar (1263 manat) ödənilib. 


Müqayisə üçün bildirək ki, 2022-ci ilin eyni dövründə 20,9 min ton şəkər alınıb və bir tona görə 998 dollar (1696 manat), 2021-ci ilin eyni dövründə 47,9 min ton şəkər alınıb və bir tona görə 523 dollar (888 manat) verilib. 


Bu müqayisədən görünür ki, 2023-cü ildə şəkərin qiyməti əvvəlki ilə nisbətən xeyli aşağı düşüb. Amma Braziliya yenidən qiymətlərin artmasının mümkün olduğuna işarə edib. 


Azərbaycanda pərakəndə satış qiymətlərində isə artım dayanmır. 2022-ci ildə şəkərin qiyməti maksimum həddə çatanda ölkə daxilində şəkərin bir kiloqramı 2,35 manat idi. Əvvəlki ilə nisbətən şəkər ucuzlaşsa da 2023-cü ilin əvvəlində pərakəndə satış qiyməti 2,6 manat, hazırda isə 2,8 manat təşkil edir.


Vasif


OXŞAR XƏBƏRLƏR