Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndinin ləğvinə çalışır – Həmin bənddə nə yazılıb?

Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndinin ləğvinə çalışır – Həmin bənddə nə yazılıb?

Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Bu barədə “Hraparak” nəşri yazıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi:

 

“Paşinyanın bu addımı Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində növbəti qığılcım olacaq. Kommunikasiyalara Rusiyanın nəzarət etməsi həm də Ermənistana potensial təzyiq vasitəsidir. Ermənistan bundan imtina etməklə həmin təzyiqin qarşısını almaq niyyətindədir.  Həmçinin, Ermənistan onsuz da üçtərəfli sənədlərin bir çox maddəsini yerinə yetirmirdi. Bu addım isə İrəvanın sözügedən sazişdən tamamilə çıxması deməkdir. Faktiki olaraq Ermənistanın üçtərəfli bəyannamənin şərtlərinə uyğun davranmır”.

 

Müsahibimizin sözlərinə görə, bu, həm də Rusiyanın nüfuzuna zərbədir:

 

“İrəvan Moskvanın Cənubi Qafqazdakı proseslərə təsir imkanını minimuma endirmək fikrindədir. Çox güman, Ermənistanın KİV-inin iddia etdiyi kimi olacaq, Paşinyan rəsmi şəkildə üçtərəfli bəyannamənin 9-cu bəndindən imtina edəcək. Bu isə onun siyasi hakimiyyətinə təzyiqləri artıracaq. Rəsmi Moskva artıq Paşinyanın əlindən bezib. Rusiya istəsə Ermənistanda asanlıqla hakimiyyət çevrilişi edə bilər. İndiyə kimi Kremlin tərəddüdünün əsas səbəblərindən biri məhz üçtərəfli sənədlə bağlı idi. Çünki həmin bəyanatı Paşinyan imzalayıb. Yeni hökumət başçısı bu razılaşmadan imtina edə bilərdi.  Daha Rusiya üçün belə bir tərəddüd olmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR