Film kimi hadisə - Bosniyada üç fərqli orduda bir-birinə qarşı döyüşən ata və oğullar
Zoran Laketanın film mövzusu ola biləcək həyat hekayəsi var.
Minlərlə insanın həyatına son qoyan qanlı Bosniya Müharibəsi zamanı Mostarda yaşayan serb Laketa ailəsinin üzvləri 3 fərqli orduda bir-birlərinə qarşı vuruşublar.
Sfera.az bildirir ki, Zoran Laketa Xorvat ordusuna qatıldığı halda, qardaşı Bosniya ordusuna, atası isə Serb ordusuna qatılıb. Laketa təyyarə texniki olmaq arzusunda olarkən özünü müharibənin ortasında tapıb. Bu müharibədə o, qardaşını itirib. Qanlı müharibədən sonra qalan isə dağılmış ailə, itirilmiş arzular və ağrı-acılar olub.
Bosniyadakı müharibədə bir-birinə qarşı vuruşan üç orduda xidmət edən ata və iki oğlu, sözün əsl mənasında, müharibənin parçaladığı bir ailə olaraq görülür. Zoran Laketa ata və iki oğlundan bu gün sağ olan tək nəfərdir.
Müharibənin əvvəlində 25 yaşı olan Zoran xorvatlar tərəfindən qurulan Xorvatiya Müdafiə Şurasında (HVO), özündən bir yaş kiçik olan qardaşı Goran isə əksəriyyəti bosniyalılardan ibarət Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmət edib. Ataları Ratko isə Bosniyalı olub. O, Serblərin qurduğu Serb Respublikası Ordusuna (VRS) qatılıb.
Zoran qardaşının ölüm xəbərini radiodan öyrənib.
Zoran, fəhlə maaşı ilə dolanışığını təmin edən sadə bir ailənin bu qədər mürəkkəb vəziyyətə necə düşdüyünü hələ də anlaya bilmədiyini deyir. O günlərdə yeganə arzusunun Mostardakı təyyarə zavodunda gənc aviatexnik kimi işləmək olduğunu bildirən Zoran müharibənin onun bütün arzularını məhv etdiyini deyir.
Qardaşı Goranın 6 avqust 1993-cü ildə şəhid bosniyalı əsgərin dəfn mərasimində HVO tərəfindən minaatan hücumu nəticəsində həyatını itirdiyini bildirən Zoran, qardaşının ölüm xəbərini bir həftə sonra radiodan öyrəndiyini qeyd edib.
“Gəncliyimin ən yaxşı çağlarında kiməsə nifrət edən, kiməsə silah doğrultmuş əsgərə çevrildim”.
“Kəndli üsyanı” olaraq xarakterizə etdiyi müharibənin ailəsini məhv etdiyini vurğulayan Zoran:
“Mənim adım Sabahudin, Zoran və ya Rankodur. Soyadım Laketadır. Bu adların hamısı eyni məna daşıyır. Onların hamısı səhər tezdən doğulan birinə verilən adlardır”.
Müharibədən əvvəl Mostarda yaşayan insanların bir-birinin inancına hörmətlə yanaşdığını, dini bayramlarda bir-birini ziyarət etdiyini xatırladan Zoran:
“Gəncliyimin ən yaxşı çağlarında kiməsə nifrət edən, kiməsə silah tuşlayan əsgərə çevrildim. Qardaşların qardaşları öldürdüyü müharibədə atam və qardaşımla müxtəlif ordularda vuruşmuşam”
“Müharibə başlayana qədər pravoslav olduğumu bilmirdim".
Müharibə başlayana qədər pravoslav olduğunu belə bilmədiyini vurğulayan Zoran:
“Biz pravoslav olduğumuz üçün serblərin tərəfində vuruşmalı olduq. Başına Kokarda (çetnik papağı) taxan serblərin cəbhəsində necə döyüşə bilərdim? Mənim idealım (Kommunizmin simvolu) beşguşəli ulduz idi. Qardaşlığa, bərabərliyə inanırdım. İnanırdım ki, bütün insanlar eynidir və biz birlikdə çalışıb nəyəsə nail ola bilərik. Təəssüf ki, bunun əksi baş verdi”.
“Qardaşımla müharibədə rastlaşmaq çox travmatik idi”
1993-cü il mayın 8-də toya dəvət olunduqlarını deyən Zoran qızıl-zinət əşyaları taxmağa imkanı olmadığı üçün toya gəlmək istəməyən qardaşı Goranı bir daha görə bilmədiyini bildirib.
Müharibə zamanı qardaşı ilə üz-üzə gəlmə ehtimalının onun üçün böyük bir travma yaratdığını vurğulayan Zoran:
“Düşünün! Hamı sənin arxanca danışır. Heç kim sənin üzünə nəsə deməyə cəsarət etmir. Arxamda, “Bax bu serbə! O, bizim ordumuzdadır, qardaşı isə müsəlmanların tərəfində döyüşür” - deyirdilər.
Aynil
Sfera.az