Kanada bu mövqeyi ilə beynəlxalq humanitar hüquqa hörmətsizlik edir” - Deputat
Kanadanın Xarici İşlər naziri Melani Koli Azərbaycana qarşı sanksiya tələbinun müzakirə olunduğunu bildirib.
Maraqlıdır, Kanadanın bu mövqeyi nədən qaynaqlanır? Azərbaycana qarşı sanksiya tətbiqi realdırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar İskəndərov Kanada XİN rəhbərinin erməni xislətli olmasını vurğulayaraq, onun bu mövqeyinin gözlənilən olduğunu deyib:
“Kanadanın belə mövqeyi bizim üçün yeni deyil, Kanada əvvəldən də ermənipərəst mövqe tutub. Bunun başında isə xristian təşəbbüskeşliyi durur. İkinci məsələ Kanadada erməni lobbisi mövcuddur və çox təəssüf ki, Kanadanın indiki xarici işlər naziri həmin ermənilər yaşayan yerdə böyüyüb, həmin tərbiyəni alıb və o beyində yaşayıb. Kanada Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğal altında qalanda haradaydı?”.
Millət vəkili Kanadanın beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirdiyini düşünür:
“Melani Koli sanksiyalardan bəhs edir və beynəlxalq birliyi də buna çağırır. Bu siyasi naşılıqdan başqa bir şey deyil. Kanada gözünü açsın, yaxşı baxsın. Azərbaycan beynəlxalq hüququn prinsiplərini yerinə yetirib, beynəlxalq birliyin, BMT-nin həll etmədiyi məsələni özü həll edib və bu gün də həmin ənənəsinə sadiqdir. Azərbaycanın hər hansı bir addımında yalnız öz milli maraqları var. Azərbaycan öz konstitusiyasına, BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa uyğun hərəkətlər edir. Kanada bu mövqeyi ilə beynəlxalq humanitar hüquqa, BMT-nin nizamnaməsinə hörmətsizlik edir”.
Əzizə Zeynal