Peskov Paşinyana cavab verdi: “Qəzetlər vasitəsilə mesajlar ötürməsi...”
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan “Wall Street Journal”a müsahibəsində Rusiya hərbi bazalarının ölkəsindəki fəaliyyətinin arzuolunmaz olduğunu deyib. O, qeyd edib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
Sfera.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov sözügedən fikirlərə münasibət bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə yaratması, mesajlar ötürməsi yaxşı hal deyil.
“Biz cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Erməni dostlarımızla söhbətdə bu məsələ ilə əlaqəli bütün məlumatları ala biləcəyimizi düşünürük. Ona görə də dialoqumuzu davam etdiririk və bundan sonra da davam edəcəyik. Rusiya və Ermənistanın bu istiqamətdə çox geniş gündəliyi var”, deyə Peskov bildirib.
Kremlin sözçüsü həmçinin, Rusiyanın iki ölkə arasında sülhlə bağlı vasitəçilik cəhdlərini davam etdirdiyini söyləyib.
“Bu, regionda vəziyyəti sabitləşdirmək və daha müsbət həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - o əlavə edib.
Qeyd edək ki, Ermənistanda 102-ci Rusiya hərbi bazası mövcuddur.
Günay